Bakı və Abşeron rayonu ərazisindəki bağ evlərinin icarə qiymətləri artacaq.

Unikal.org xəbər verir ki, bunu Trend-ə açıqlamasında əmlak eksperti Ramil Osmanlı deyib. Onun sözlərinə görə, insanlar xaricə istirahətə gedə bilmədiyi üçün, onlar daha çox yerli turizmdən faydalanacaqlar:

“Hazırda bütün dünyada olduğu kimi Azərbaycanda turizmlə bağlı problemlər var, ölkəyə turist axını dayanıb. Eyni zamanda ölkədən xaricə də yerli turistlərin gedişinə hələlik məhdudiyyətlər qoyulub. Belə olan təqdirdə daxili turizmdə inkişaf müşahidə olunacaq. Bunun da əsas istiqamətlərindən biri Bakı və Abşeron rayonu ərazisindəki bağ evlərinin icarə qiymətləridir. Adətən insanlar belə dövrlərdə dənizkənarına və ya turizm potensialı olan bölgələrə üz tuturlar. Bu halda təbii ki icarə qiymətlərində müəyyən artım olacaq”.

R.Osmanlı əlavə edib ki, son üç ay ərzində daşınmaz əmlak bazarında əməliyyatların dayanması prosesi gedib, ancaq buna baxmayaraq qiymətlərdə kəskin azalma müşahidə olunmur:

“Makroiqtisadi sabitliyin pozulması, bütün istiqamətlər üzrə iqtisadi aktivliyin azalması əmlak bazarına da təsirsiz ötüşməyib. Hazırda bazarda yalnız təklif qiymətləri müşahidə edilir. Obyektlərin üzərində əqd bağlanmadığına görə, faiz artımı və ya azalmanı tam müşahidə edə bilmirik. Hesab edirəm ki, qarşıdakı aylarda əqdlər qismən də olsa bərpa olunacaq və əməliyyatlar həyata keçirilək. Bundan sonra artıq biz qiymət dinamikasının hansı istiqamət və faizlər üzrə dəyişdiyini təyin edə biləcəyik”.