97 saylı Goranboy-Ağdam-Tərtər Seçki Dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ağalar Vəliyevin Goranboy rayonununda seçicilərlə növbəti görüşü və qəbulu keçirilib. 

Unikal.org xəbər verir ki, rayonun bilavasitə təmas xəttində yerləşən Tapqaraqoyunlu kəndində xüsusi karantin rejiminin tələbləri nəzərə alınmaqla səyyar qaydada keçirilən görüşdə İcra Hakimiyyətinin məsul işçiləri, yerli ictimaiyyətin nümayəndələri və bir qrup seçici iştirak edib.  

Milli Məclisinin deputatı Ağalar Vəliyev Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən uğurlu dövlət siyasəti, çoxşaxəli köklü islahatlar və Azərbaycan vətəndaşının rifahının yaxşılaşdırılmasına yönələn genişmiqyaslı sosial paket barədə seçicilərə ətraflı məlumat verib. 

Millət vəkili müvafiq dövlət proqramları və infrastruktur layihələri çərçivəsində bölgələrdə, o cümlədən Goranboy rayonununda aparılan quruculuq və abadlıq işlərini vurğulayıb. Səmimi şəraitdə keçən görüş zamanı deputat bu günun reallığı olan koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması, onun fəsadlarının aradan qaldırılması, xalqımızın sağlamlığının mühafizə olunması və əhalimizin sosial müdafiəsinin gücləndirilməsi istiqamətlərində dövlətimiz tərəfindən bütün zəruri tədbirlərin görüldüyünü qeyd edib. 

Görüşdən sonra bir qrup seçici fərdi qaydada qəbul edilmiş və onların sosial-məişət məsələləri ilə bağlı müraciətlərinin təmin olunmasına operativ reaksiya göstərilib. 

Eyni zamanda Tapqaraqoyunlu kəndinin elektrik enerjisi ilə təchizatında yaranan fasilələrin aradan qaldırılması, əhalinin içməli su və təsərrüfatların suvarma su ilə təminatında mövcud olan problemlərin aradan qaldırılması istiqamətlərində rayonun və respublikanın aidiyyatı qurumları ilə birgə müvafiq tədbirlərin görüləcəyi bildirilib.


Həmin gün millət vəkili və Goranboy rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev Tapqaraqoyunlu kəndində Milli Qəhraman Niyazi Aslanovun ailə üzvləri ilə görüşmüş və şəhidin xatirəsini ehtiramla yad ediblər. 

Deputatın dəstəyi və rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə Ramazan Bayramı münasibəti ilə təşkil olunan iftar mərasimində iştirak edən ağsaqqallar, şəhid ailələri, Qarabağ Müharibəsinin veteranları və kənd sakinləri millət vəkili və başçı tərəfindən təbrik olunub.

Mərasimdə qeyd edilib ki, Ulu Öndərimiz Heydər Əliyevin təməlini qoyduğu dövlət-din münasibətləri bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla təkminləşdirilir, xalqımızın milli və mənəvi adət-ənənələrinə hörmətlə  yanaşılır və mömin vətəndaşlarımıza dini ayinlərin icrası üçün hər cür şərait yaradılır. 

Səyyar görüşün və iftar mərasiminin iştirakçıları Goranboy rayonunun sərhədyanı yaşayış məntəqəsi olan Tapqaraqoyunlu kəndinin əhalisinə dövlətimiz tərəfindən göstərilən həssas münasibətə və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.