Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda sursat aşkar olunması barədə məlumat daxil olub.
Unikal.org-un məlumatına görə, nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) pirotexniki işlər üzrə mütəxəssisləri və kinoloji qrupu, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri qeyd olunan əraziyə cəlb olunub.
XRXX-nın mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirib.
Aşkar olunan sursata baxış zamanı müəyyən olub ki, bu, təlim-tədris təyinatlı və döyüş tətbiqinə yararsız olan 1 ədəd əl qumbarasıdır.
Sursat ANAMA-nın mütəxəssisləri tərəfindən götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Sursatın tapıldığı əraziyə baxış zamanı digər şübhəli əşya aşkar edilməyib.