“Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən proqram çərçivəsində Bakının Qaradağ rayonunda salınan “Qobu Park-3” yaşayış kompleksinin istifadəyə verilməsi minlərlə məcburi köçkünün sevincinə səbəb olub. Çünki işğal nəticəsində doğma evlərindən didərgin düşən həmin insanların xeyli hissəsi çox ağır şəraitdə yaşayırlar”.
Millət vəkili Ülvi Quliyev Unikal.org-a bildirib ki, məcburi köçkünlər dövlət qayğısı ilə əhatə olunublar. Deputat xatırladıb ki, vaxtilə mövcud olan çadır şəhərcikləri tamamilə ləğv olunub, orada yaşayanlar müasir tələblərə cavab verən qəsəbə və şəhərciklərə köçürülüblər: “Vaqonlarda yaşayan məcburi köçkünlər də evlə təmin olunublar. Ümumilikdə, əhalinin bu kateqoriyasından olan hissəsinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial-iqtisadi problemlərinin həlli, məşğulluğunun təmin edilməsi daimi dövlətin diqqət mərkəzindədir. Prezident İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi 2003-cü ildən məcburi köçkünlər üçün onlarla şəhərcik, qəsəbə salınıb. Ölkədə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən biri də bu qəbildən olan soydaşlarımızın sosial problemlərinin həllidir.
Bununla bağlı cənab Prezident tərəfindən ümumilikdə 2004-2019-cu illər ərzində 75 fərman və sərəncam imzalanıb, Dövlət Proqramı təsdiqlənib. Həyata keçirilən tədbirlər nəticəsində bu günədək 315 min məcburi köçkünün, yəni, 62 min 494 ailənin mənzil-məişət şəraiti yaxşılaşdırılıb”.
Ü.Quliyev vurğulayıb ki, Birinci vitse-prezident Mehriban Əliyeva da qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə olduqca həssaslıqla yanaşır, bu qəbildən olan insanların həyat şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması, sosial rifahının daha da yüksəldilməsi məsələsinə xüsusi qayğı göstərir: “Mehriban xanım Əliyeva Birinci vitse-prezident vəzifəsinə təyin olunandan sonra keçirdiyi ilk müşavirəni məhz məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına, xüsusən də ən ağır vəziyyətdə, qəzalı binalarda, hər an uçmaq təhlükəsi olan yarımçıq tikililərdə məskunlaşmış məcburi köçkünlərin evlə təmin olunması məsələsinə həsr etdi. 2017-ci il martın 9-da keçirilən müşavirədə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsi müzakirə olundu. Bundan sonra ilk növbədə ən ağır vəziyyətdə yaşayan məcburi köçkünlərin yeni mənzillərə köçürülməsinə başlandı”.
Deputat qeyd edib ki, Mehriban xanım Əliyeva Birinci vitse-prezident vəzifəsinə təyin olunandan sonra məcburi köçkünlərin problemlərinin həllinə özəl sektor da cəlb olunub: “Mehriban xanımın müraciətindən sonra özəl sektor bu sahəyə böyük maraq göstərməyə başladı. Bunun nəticəsində Qobuda 3 müasir yaşayış kompleksi tikilərək məcburi köçkünlərin istifadəsinə verilib”.
Ü.Quliyev deyib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mütəmadi qaydada məcburi köçkünlərlə görüşürlər: “Həmin görüşlər, orada verilən mesajlar məcburi köçkünlərdə ruh yüksəkliyi yaradır və onların öz doğma yerlərinə qayıtmağa olan ümidlərini artırır”.