Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və yerli startap şirkəti olan Botbox ilə birgə günün 24 saatı əhalinin koronavirus ilə əlaqədar suallarını cavablandırmaq, həmçinin tez, etibarlı və rəsmi məlumat vermək üçün "WhatsApp" botunu istifadəyə verib.
Unikal.org xəbər verir ki, “TABIB bot” eyni anda 1 milyona qədər istifadəçini əhatə edə və istənilən istifadəçi sorğusuna bir saniyədən az müddətdə cavab verə biləcək.
Həmçinin gündəlik statistik məlumatlar üçün abunə olmaq mümkündür.
Bu günə qədər bot on mindən çox insan tərəfindən sınaqdan keçirilib və artıq 2 200 abunəçisi var.
“TABIB bot” ilə dialoqa başlamaq üçün "Salam" yazıb +13022020234 nömrəsinə mesaj göndərdikdə istifadəçilərə COVID-19 haqqında son xəbərlər, statistik məlumatlar, profilaktika tədbirləri və infeksiyanın yayılmasının qarşısını almaq üçün məsləhətlərdən ibarət olan ümumi səhifə təqdim edilir.
COVID-19 ilə bağlı bir sıra mövzular üzrə müxtəlif sual və cavablarla tanış olaraq botdan məlumat əldə etmək çox asandır.
Qeyd olunmalıdır ki, botun diaqnoz və ya müalicə məqsədləri üçün istifadə edilməsi nəzərdə tutulmayıb və o, klinik müayinə və tibb mütəxəssisləri ilə məsləhətləşmələri əvəz etmir.
Bot dünyadakı bütün Azərbaycan vətəndaşları üçün əlçatandır.