Azərbaycan Respublikası Təhsil Nazirliyi və Bakı Mühəndislik Universitetinin (BMU) birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş “Gənc tədqiqatçıların IV beynəlxalq elmi konfransı” onlayn formatda keçirilib. 

Unikal.org xəbər verir ki, aprelin 29-30-da keçirilməsi planlaşdırılan konfrans mövcud pandemiya vəziyyəti ilə əlaqədər olaraq təxirə salınıb və 5 iyun 2020-ci il tarixinə keçirilib. 
BMU-nun rektoru, professor Havar Məmmədov iştirakçıları salamlayaraq hər il ənənəvi olaraq təşkil edilən konfransın ulu öndər Heydər Əliyevin təhsil sahəsində əvəzolunmaz xidmətlərinin gənc nəsillərə çatdırılması istiqamətində rolunu vurğulayıb. Konfransın elmi istiqamətlərinin mühəndislik, təbiət, iqtisadiyyat, filologiya elmləri və pedaqogika olduğunu diqqətə çatdıran rektor konfransın əsas məqsədinin dünyanın müxtəlif universitet və elmi-tədqiqat institutlarında fəaliyyət göstərən gənc tədqiqatçıları bir araya gətirmək, həmçinin bu sahədə əldə olunan elmi nailiyyətlərin və təcrübələrin paylaşmaq olduğunu bildirib.
Hazırda Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkənin iqtisadi həyatında əldə olunan uğurların davam etdiyini bildirən rektor Havar Məmmədov bu fəaliyyətlərin elmi müstəvidə müzakirəsi məqsədilə təşkil olunan konfransa 10-dan çox ölkədən 850-ə yaxın məqalə və tezis göndərildiyini,  elmi heyətin qərarı ilə 450-ə yaxın tədqiqatın konfransın proqramına daxil edildiyini diqqətə çatdırıb. O, konfransda iştirak edən hər bir kəsə uğurlar arzulayıb və onları aktiv olmağa səsləyib. 
Təhsil nazirinin müavini, BMU-nun Himayəçilər Şurasının sədri İdris İsayev 4-cü ildir keçirilən konfransın bu il pandemiya səbəbindən onlayn keçirildiyini, bununla da elm və elmi-tədqiqatların sərhəd və məhdudiyyət tanımadığını diqqətə çatdırıb. Gəncliyimizin sağlam ruhlu, istedadlı və mənəvi tərbiyəyə malik olmasının dövlət üçün önəmli olduğunu qeyd edən nazir müavini cəmiyyətin aparıcı qüvvəsinin gənclər olduğunu vurğulayıb. İdris İsayev bildirib ki, ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə yüzlərlə təhsil müəssisələri və gənclər mərkəzləri açılıb, 15 mindən artıq gənc azərbaycanlı sovet məkanının nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq imkanları qazanıblar. Həmin şəxslər müstəqil Azərbaycanın quruculuğunda iştirak edir, təhsil, elm, iqtisadiyyat və cəmiyyətin müstəqil sahələrində öz əvəzsiz xidmətlərini göstərməkdədirlər. İdris İsayev gənc tədqiqatçıların Ulu Öndərin ideyalarını öz fəaliyyətlərində daima rəhbər tutduğunu sözlərinə əlavə edib. 
Nazirlik rəsmisi son onilliklərdə elmə, təhsilə, innovasiyalara yönəldilən investisiyaların artım sürətinin əsas fondlara ayrılan investisiyaların artım sürətini də üstələdiyindən danışıb və statistik göstəricilərə nəzər yetirib. İdris İsayev bir sıra dünya dövlətləri, xüsusən də inkişaf etmiş ölkələrin elmlərə ciddi vəsaitlər ayırdığına toxunub. Nazir müavini Azəbaycanda elmin inkişafına son dövrlərdə Prezident cənab İlham Əliyev tərəfindən diqqət və ciddi qayğı göstərildiyini vurğulayıb.
Ölkədə həyata keçirilən islahatların mərkəzində elmi əsaslandırmaların  durduğunu söyləyən İdris İsayev elmi tədqiqat və araşdırmalar istiqamətində ali təhsil müəssisələrinin aktivliyindən söz açıb.  BMU-nun təşkilatçılığı ilə  keçirilən konfansda səslənəcək fikirlərin elmimizin inkişafına müsbət töhfə verəcəyəni  inamını ifadə edib.  Çıxışının sonunda  tədqiqatçıları aktiv olmağa çağırıb və onlara uğurlar azulayıb. 
BMU-nun Elmi işlər üzrə prorektoru, dosent Elçin Süleymanov universitetdə tədris fəaliyyəti ilə yanaşı, elmi fəaliyyətə də ciddi diqqət yetirildiyini bildirib. O, 2020-ci ilin ilk 5 ayı ərzində BMU müəllimlərinin Web of Science platformasında dərc olunan nəşrlərinin artıq ötən 1 ildəki nəşrin 80 %-i həcmində olduğunu diqqətə çatdırıb. E.Süleymanov son 3 ay ərzində BMU-nun Tələbə Elmi Cəmiyyəti və Texnopark və İnnovasiya Mərkəzi tərəfindən hər həftə təşkil olunan vebinarlardan söz açıb və onların əhəmiyyətini vurğulayıb. 
Plenar iclasda Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsindən Elnur Həsənov “Gəncə səbzikar abidəsinin səciyyəvi memarlıq və sənətkarlıq xüsusiyyətləri”, Türkiyənin Kafkas Universitetindən İlkin Qulusoy “Dîvanu lugâti’t-türk’te savaş terimleri”, BMU-nun Kimya mühəndisliyi kafedrasının müdiri, dosent Yusif Abdullayev “Bronsted acidic ionic liquid catalyzed conversion of monosaccharides to 5-hydroxtymethylfurfural” mövzularında çıxış ediblər. 
Konfrans öz işini 4 seksiyada davam etdirib. 
Qeyd edək ki, Azərbaycanın 30-a yaxın elmi-tədqiqat müəssisələrindən (Azərbaycan Dövlət İqtisad Universiteti, AMEA-nın müxtəlif institutları, Bakı Dövlət Universiteti və s.), eyni zamanda Türkiyə, İspaniya, Macarıstan, Gürcüstan, Özbəkistan və digər ölkələrdən olan elm adamları tədqiqatlarını göndəriblər. Təşkilat komitəsi tərəfindən seçilən və konfransa təqdim olunan məqalələr 800 səhifəyə yaxın həcmli 2 cildlik materialları toplusu şəklində nəşr edilib və konfransın veb saytına yerləşdirilib.