Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağası bitib.
Unikal.org-un məlumatına görə, sözügedən ərazilərdə bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti bərpa edilib.
Xatırladaq ki, Nazirlər Kabinetinin qərarına əsasən, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılmışdı. Qeyd olunan şəhərlər və rayonun ərazisində fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində işləyən şəxslərin və xidməti avtomobillərin hərəkətinə işəgötürən tərəfindən həmin şəxslər barədə məlumatlar elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilirdi.