Ölkədə tətbiq edilən sanitar-karantin qaydalarına zidd olaraq bölgələrdən rayon qeydiyyatında olan şəxsləri qeyri-qanuni yollarla Bakı şəhərinə gətirən sərnişin mikroavtobuslarının sürücüləri saxlanılıblar.
DİN-in Mətbuat xidmətindən Unikal.org-a bildirilib ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakinləri Şərkan Kamalov, Şamo Şamilov, Sumqayıt şəhər sakini Elçin Əliyev və Füzuli rayon sakini Hafiz Ağayev tutulub.
Araşdırma zamanı müəyyən olunub ki, Hafiz Ağayev və Elçin Əliyev sərnişinləri əvvəlcədən razılaşdırdıqları kimi Ələt qəsəbəsindəki karantin postuna bir neçə kilometr qalmış avtomobildən düşürürmüşlər. Burada isə sərnişinləri Şərkan Kamalov və Şamo Kamilov idarə etdikləri mikroavtobuslara mindirərək posta daxil olmadan müxtəlif yollarla paytaxta gətirirmişlər.
Qeyd edilən faktlarla bağlı dəstə üzvlərinin hər biri İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə təqsirli bilinərək məhkəmənin qərarı ilə 30 sutka inzibati qaydada həbs ediliblər.