“Palmali” Holdingin əməkdaşları kütləvi etiraz aksiyası keçirməyə hazırlaşırlar.
Unikal.org-un əldə etdiyi məlumata görə, buna səbəb şirkət əməkdaşlarının artıq bir neçə aydır ki, əməkhaqqı almamasıdır.
Bildirilir ki, şirkətin yüzlərlə işçisi dəfələrlə rəhbərliyə maaşlarının vaxtında verilməsini tələb etsələr də, müvafiq tədbir görülməyib. İşçilər isə son çıxış yolunu kütləvi tətil və etiraz aksiyasında görürlər.
Onu da qeyd edək ki, şirkətin prezidenti Mübariz Mənsimov hər dəfə müsahibələrində “Palmali”də çalışanların 80 faizinin Azərbaycan vətəndaşları olduğunu iddia edirdi. Amma artıq məlum olur ki, əslində onun şirkətində hazırda çalışanların mütləq əksəriyyəti Türkiyə vətəndaşlarıdır. Öz hüquqlarını yaxşı bilən Türkiyə vətəndaşlarının bu məsələdə hər hansı güzəştə getmək fikirləri yoxdur.
Həmçinin, insanların əmək hüquqlarının qorunmasında həssas olan Türkiyə dövlətinin də problemlə bağlı lazımi addımlar atacağı gözlənilir. Aksiyanın bu günlərdə keçirilməsi nəzərdə tutulub.
Bildirək ki, özünü “xeyriyyəçi” kimi təqdim etməyə çalışan M. Mənsimov bu il mart ayının 15-də Türkiyədə həbs edilib. İstanbul Cümhuriyyət Baş Prokurorluğunun apardığı istintaqa görə Mənsimov FETÖ-nün yüksək səviyyəli rəsmisi ilə sıx əlaqədə ittiham olunur. Onun telefon danışıqlarının araşdırılması nəticəsində FETÖ-nün yüksək səviyyəli idarəçilərindən olan Hamdi Akın İpək, Suat Yıldırım və Süleyman Uysalla telefon danışıqları apardığı, FETÖ ilə əlaqədə olduğu üçün Rusiya tərəfindən bağlanılan “Atlantic İnternational School”un idarə heyətində təmsil olunduğu bildirilir.
Bundan başqa, Mənsimovun FETÖ-nün Rusiya imamı olan və haqqında axtarış elan olunan “Saffet” kod adlı Əhməd Hamdi Vuralla əlaqədə olduğu, Vuralın iş adamının şirkətinə tez-tez gəldiyi və gəlişi zaman danışıqların eşidilməsinin qarşısını alan “Jammer” cihazını tətbq edərək təhlükəsizlik tədbirlərini gördükləri də iddialar arasındadır.
Hətta Mənsimovun Vuralla birlikdə səyahətə çıxdığı da bildirilib. Bundan başqa o, maliyyə maxinasiyaları, dələduzluq, külli miqdarda borc məsələlərində də ittiham olunur.