Azərbaycan Dillər Universitetində 2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası onlayn qaydada davam edir. İmtahanlar 8 iyun tarixindən etibarən 5 həftə ərzində təşkil olunacaq. Bununla bağlı universitetin rektoru, akademik Kamal Abdulla müvafiq əmr imzalayıb. Əmrə əsasən müəyyən səbəbdən onlayn dərslərdə iştirak etməyən və digər platformalarla - e-mail, Google Classroom, Whatsapp-da əlaqə saxlayan tələbələr də 50 bala qədər müəllim tərəfindən qiymətləndirilir, davamedici fənlər üzrə əvvəlki semestrdə tələbənin imtahandan topladığı bal bu semestrdə keçərli hesab olunur.
Unikal.org xəbər verir ki, tələbə iyun ayında təşkil olunan imtahandan imtina edib, avqust-sentyabr ayında təşkil olunacaq icmal dərslərdə iştirak edərək sentyabrda imtahan verə bilər.
Əvvəlki semestrlərdə iki fənn üzrə (hər fəndən bir dəfə olmaqla) buraxılış kurslarında oxuyan tələbələr də daxil olmaqla və cari semestrdə hər hansı bir fənn üzrə akademik borcu yaranmış tələbənin imtahanlarının ödənişsiz əsaslarla təşkil olunması təmin ediləcək.
Yaz semestrinin nəticələrinə görə təqaüd almaq hüququ olan tələbələrin siyahısı 2020-2021-ci tədris ili senytabr ayı növbəti semestr başlayanadək müəyyən edilir. Akademik borcunu 2020-2021-ci tədris ili başlayanadək ləğv etmiş tələbə də növbəti semestrdə təqaüd almaq hüququ olan tələbələrin siyahısına daxil edilir.
Rektorun əmrinə əsasən mövcud pandemik şəraitdə onlayn imtahanların keçirilməsi zamanı tələbənin fikrini tam aydın və ətraflı izah edə bilməsi üçün lazımi şərait yaradılır.
İmtahan sessiyası zaman sədri universitetin rektoru olmaqla Appelyasiya komissiyası fəaliyyət göstərir. Müraciətlərə operativ şəkildə reaksiya veriləcək.
İmtahanların universitetin hər 3 korpusunda 3 növbədə səhər saat 10:00-dan 18:00-a qədər əvvəlcədən hazırlanmış, lazımi internet şəraiti ilə təchiz olunmuş, sanitar gigiyenik qaydalara əməl edərək, sosial məsafəni qorumaq şərtilə keçirilir.
366 qrup üzrə 872 fəndən imtahan davamedici fənlərlə bağlı verilmiş qərara əsasən 529 fənn olmaqla 40% azalıb. Gün ərzində hər 3 tədris binasında təxminən 1100-dək tələbə onlayn imtahan verir.
İyunun 12-ə olan statistik nəticələrə görə 3113 tələbə onlayn imtahan verib, kəsilən tələbə olmayıb. Ən yüksək bal toplayan tələbənin imtahan nəticəsi 100 bal, ən aşağı bal toplayan tələbənin imtahan nəticəsi isə 57 bal olaraq qeyd olunub.
İmtahanlar zamanı tələbələr yüksək bilik nümayiş etdirirlər.
Qeyd edək ki, ADU-nun rektoru, akademik Kamal Abdulla iyunun 4-də universitetin tələbələrinə və magistrantlara müraciət edib. Müraciətdə bildirilib ki, ali təhsil ocağı öz səlahiyyətləri çərçivəsində mövcud vəziyyəti nəzərə alaraq tələbələr üçün böyük güzəştlər edib: “Rektor kimi onu deyə bilərəm ki, bütün imtahanlar son dərəcə mülayim şəkildə keçiriləcək. Apelyasiya komissiyasının sədri kimi buna şəxsən özüm nəzarət edəcəm. Əgər məndən soruşsanız ki, "imtahanları necə görürsünüz?" - bu suala rektor olaraq birmənalı cavabım belədir: imtahanları tələbələr üçün kəsirsiz və uğurlu görürəm".