İyunun 16-da saat 04 radələrində 1996-cı il təvəllüdlü Asif Qarayevin odlu silahla qətlə yetirilmiş meyitinin rayonun Qaraçala ərazisində yerləşən süni balıq gölünün kənarında aşkar edilməsi barədə məlumat daxil olmuşdur.
Salyan rayon prokurorluğundan Unikal.org-a bildirilib ki, prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilən zaman meyitin yaxınlığından 2 ədəd giliz, içərisində 1 ədəd patron olan tüfəng, qanabənzər maddələr və balıq tutmaq üçün nəzərdə tutulmuş tor aşkar edilib müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür.
Faktla bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
İş üzrə müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri istintaq-əməliyyat tədbirləri aparılmışdır.
Hazırda cinayəti törətmiş şəxs və ya şəxslərin dairəsinin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.