Hacıqabulda quldurluq edən şəxs saxlanılıb.
Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, cari il yanvarın 28-də Hacıqabul rayonunun Muğan kəndi ərazisində Ağdam rayon sakini Adil Kərimov avtomobillə vurulub və hadisə yerində ölüb.
Baş Dövlət Yol Polisi İdarəsi, Baş İstintaq və Təhqiqat İdarəsi və Hacıqabul Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində A.Kərimovun Qobustan rayon sakini O.Güləliyevin idarə etdiyi “MAN” markalı avtomobillə vurulduğu müəyyən edilib. Yol qəzasının törədərək hadisə yerindən yayınan O.Güləliyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Mərhumun qardaşı A.Kərimov ərizə ilə müraciət edərək hadisə baş verən gün, saat 1 radələrində, avtomobillə vurulmamışdan öncə mərhumun Muğan kəndi ərazisində naməlum şəxslər tərəfindən döyülərək üzərində olan 10 min ABŞ dollarının götürülməsi barədə məlumat verib.
Məlumatla əlaqədar Hacıqabul RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Kəlbəcər rayon sakini E.Yusibov müəyyən edilərək saxlanılıb.
E.Yusibov A.Kərimovla Bakıdan Gəncəyə taksi ilə birlikdə getdiklərini, həmin zaman Adilin üzərində 10 min ABŞ dollar olduğunu bildiyindən Muğan kəndi ərazisindəki yolüstü dayanacaqların birində quldurluq yolu ilə həmin pulu ələ keçirdiyini etiraf edib.
Faktla bağlı Hacıqabul RPŞ-də cinayət işi başlanılıb, araşdırma aparılır.