Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anım günüdür.
Unikal.org xəbər verir ki, bununla əlaqədar Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xanlar Məmmədov, rayon rəsmiləri və sakinləri Milli Qəhrəmanın evini ziyarət edərək ailəsi ilə görüşüb.
X.Məmmədov görüşdə Mübariz İbrahimovun həyatından və torpaqlarımızın müdafiəsi zamanı göstərdiyi şücaətdən danışıb: "O, öz qəhrəmanlığı ilə Azərbaycan əsgərinin nəyə qadir olduğunu bütün dünyaya sübut etdi. Mübariz qısa ömür yaşasa da, canını vətən yolunda fəda etməsi ilə özündən sonra böyük bir igidlik, mübarizlik məktəbi qoydu. İndi hər bir azərbaycanlı onun mübarizə dolu həyatı ilə fəxr edir”.
Milli Qəhrəmanın atası Ağakərim İbrahimov onların ailəsinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür edib.
Qeyd edək ki, Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 2005-ci ildə şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbində orta təhsilini başa vurmuş Mübariz həmin il həqiqi hərbi xidmətə çağırılıb. Əsgəri xidmətini Daxili Qoşunların “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub. Bir müddət mülki işlərdə çalışdıqdan sonra 2009-cu ilin avqustunda yenidən gizir rütbəsində hərbi xidmətə başlayıb. Bir müddət sonra könüllü olaraq cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmətini davam etdirib.
M.İbrahimov 2010-cu ilin iyunun 18-dən 19-na keçən gecə Tərtərin Çaylı istiqamətində gedən qeyri-bərabər döyüşdə düşmənin xeyli canlı qüvvəsini məhv edib, bir neçəsini isə yaralayıb. Milli Qəhrəman bu amansız döyüşdə şəhid olub. Hərbçimizin meyitini Ermənistan tərəfi uzun müddət qaytarmaqdan boyun qaçırırdı. Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Həştərxan görüşündən sonra təcavüzkar tərəf - Ermənistan gizir Mübariz İbrahimovun, həmçinin şəhid baş leytenant Fərid Əhmədovun meyitlərini Azərbaycana təhvil verib.
M.İbrahimov 7 noyabr 2010-cu ildə II Fəxri Xiyabanda dəfn olunub.
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsində müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə “Azərbaycanın Milli Qəhrəmanı” adının (ölümündən sonra) verilməsi və xatirəsinin əbədiləşdirilməsi barədə sərəncamlar imzalayıb.
Mübariz İbrahimovun şərəfli ömür və döyüş yolu gənclərimiz üçün parlaq nümunə olacaq.