Baş Prokurluq Şəmkirdə baş verən bıçaqlanma hadisəsi ilə bağlı məlumat yayıb.

Unikal.org xəbər verir ki, iyunun 20-də saat 02 radələrində Şəmkir rayonu, Zəyəm qəsəbə sakini 1992-ci il təvəllüdlü Səddam Həsənovun bıçaqlanması və “daxilə keçən kəsilmiş-deşilmiş yara” diaqnozu ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

Dərhal prokurorluq və polis  əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilib, müvafiq ekspertizalar təyin edilib.

İstintaqla cinayətin Şəmkir rayonu Düyərli kənd sakini 1996-cı il təvəllüdlü Elsevər Pirverdiyev tərəfindən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı törədilməsinə şübhələr üçün əsaslar müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.