“Çoxillik məlumatların təhlilinin nəticələri göstərir ki, Azərbaycanın əksər rayonlarında yağıntının miqdarının ümumi azalması fonunda, paytaxtda son onilliklərdə intensiv yağıntılı günlərin sayının artmasının tendensiyası müşahidə olunur”.
Unikal.org xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.
O xatırladıb ki, 1992-ci ildən 2019-cu ilə qədər olan dövrdə 5 mm. və 10 mm-dən çox olan yağıntı günlərinin sayı orta hesabla 7 gün, 15 mm.-dən çox yağıntı günlərinin sayı isə 5 günədək artıb: "Yeri gəlmişkən, müqayisə üçün qeyd etməliyik ki, Bakı şəhərində iyun ayı üzrə yağıntı norması 10 mm., iyul ayı üzrə isə ondan da az, 2 - 3 mm. təşkil edir. Buna görə də əgər iyun ayında, bir gün ərzində 10 mm. yağıntı düşərsə, bu artıq bir aylıq norma səviyyəsində yağıntının düşməsi deməkdir. Bu öz növbəsində müəyyən fəsadlar yarada bilər ki, ona da hazır olmalıyıq".