“Sosial şəbəkələrdə, mesajlaşma tətbiqlərində əhali arasında xof, vahimə yaradan yalan məlumatlarla da hər gün rastlaşırıq. Daxili işlər orqanları bu kimi halları, - əslində o həm də cinayət faktlarıdır, - müəyyən edən müasir texnikaya malikdir və qeyd etdiyim faktlar dərhal müəyyənləşdirilərək lazımi hüquqi tədbirlər görülür”.
Unikal.org-un məlumatına görə, bunu Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov deyib.
O bildirib ki, son günlər ölkə ictimaiyyəti, deputatlar, ziyalılar açıqlamalarında karantin rejiminin tələblərinin pozulmasına, maska taxmamağa görə polisin daha sərt tədbirlər görməsini istəyiblər: “Bu fikirlər, əlbəttə, təbii qarşılanır və polis bu işin öhdəsindən gəlir. Ancaq daxili işlər orqanlarının əməkdaşları hər bir məkanda, hər bir məhəllədə sutkalıq nəzarət həyata keçirə də bilməz... Bu nəzarət Prezidentimizin dediyi kimi, ümumxalq işinə çevrilməlidir.
Daxili İşlər naziri olaraq ictimaiyyətə müraciət edib bir daha bildirmək istərdim ki, bu cür neqativ hallara qarşı mübarizə yalnız rəsmi çərçivədə və polis müdaxiləsi ilə aparılmamalıdır. Biz bu ürək ağrıdan prosesdə ictimai qınağın, məzəmmətin və nəzarətin artırılmasını çox vacib sayırıq. Əgər vətəndaşlarımız öncə özləri qaydalara əməl edib, sonra da ətrafdakıların bu tələblərə riayət etməsinə çalışsalar, həmçinin tələblərə zidd davranışları müəyyənləşdirib çəkinmədən məlumat versələr bu prosesdə müsbətə doğru dönüş yaranar. Faktlar sübut edir ki, ictimai nəzarət bəzən elə rəsmi nəzarət qədər təsirli olur.
Ümumilikdə sərtləşdirilmiş karantin rejimində vətəndaşlarla polis əməkdaşları arasında əsasən səmimi, qarşılıqlı etimada əsaslanan, təəssübkeşlik ovqatlı münasibətlər mövcuddur və davam edir, Bu həmrəyliyi, işbirliyini yüksək qiymətləndirirəm və əminəm ki, əlaqələrimiz daha da möhkəmlənəcək”.