Altıncı çağırış Milli Məclisin yaz sessiyası mayın 31-də  öz işini başa çatdırıb. İyulun 1-dən start götürən növbədənkənar sessiya isə iyunun 30-da yekunlaşdı. 

Bəs altıncı çağırış parlamentin yaz sessiyası parlament jurnalistlərinin yadında necə qaldı?

Unikal.org xəbər verir ki, bu suala Parlament Jurnalistləri Birliyinin (PJB) üzvləri cavab verib: 
 

 

Pandemiya olmasaydı parlamentdə daha səmərəli işlər görüləcəkdi”

PJB sədri Elşad Eyvazlı Milli Məclisin ötən sessiyasının bir sıra maraqlı məqamlarla yadda qaldığını bildirib:

“Milli Məclisin son sessiyası bir çox tərəfləri ilə media nümayəndələrinin yadında qaldı. İlk olaraq ondan başlayaq ki, bu günə qədər Milli Məclisin heç bir iclasında parlament rəhbərliyi səviyyəsində jurnalistlərə ehtiram göstərilib xitab səsləndirilməmişdi. Bu cür addımın atılması isə mətbuat nümayəndələri tərəfindən yüksək qiymətləndirildi və Milli Məclis sədri tərəfindən ölkə mediasına verilən dəyər kimi xarakterizə olundu. Mövcud şərait jurnalistlərdə əhval-ruhiyyə, parlamentlə əməkdaşlıqdan məmnunluq yaratdı. Bu günə qədər belə fikir var idi ki, Milli Məclisin plenar iclası ayda iki dəfədən az olmamaqla keçirilməlidir. Sanki mövzu qıtlığı ya da qanunverciliklə bağlı hər şey həll olunmuş kimi vəziyyət var idi. Amma son sessiya pandemiya dövrünə təsadüf etsə də, həftədə iki dəfə Milli Məclisin iclası keçirildi və görünən o idi ki, pandemiya olmasaydı daha səmərəli işlər görüləcəkdi.

Seçicilərlə deputatların əlaqə yaratma məsələsinə də toxunmaq istərdim. Ötən sessiya pandemiya dövrünə təsadüf etsə də, bəzi deputatlar karantin rejimini pozmaq hesabına belə seçiciləri ilə görüşmək istəyirdi. Yəni bu onu göstərir ki, artıq deputatlar birbaşa seçicilərinin yanında olacaqlar. 

Beynəlxalq əlaqələrdə də ciddi dəyişikliklər olacağına əminik. Pandemiya dönəmində beynəlxalq səviyyədə onlayn konfranslar keçirildi. Karantin rejiminin sonlandırılmasından sonra bu konfranslar canlı olaraq keçiriləcək və beynəlxalq məsələləri bilən deputatların bu konfranslarda uğurla iştirakından gözləntilər var”. 

E.Eyvazlı parlamentin cəmiyyətə açıq olmasından da danışıb:

“Ən vacib məsələlərdən birini də qeyd edim ki, Milli Məclisin komitə rəhbərləri, sədr müavini fikir səsləndirdi ki, bundan sonrakı qanun layihələrinin müzakirələrində ictimai dinləmələr, sosial-ictimai müzakirələrin keçirilməsi vacib bir məsələ kimi ortada olacaq. Bu da onu göstərir ki, qanun layihələrinin müzakirələrində ictimai rəy nəzərə alınacaq.

Ən əsası, millət vəkillərinin bundan əvvəlki çağırışın deputatları ilə eyni statusda olmalarına rəğmən nüfuz məsələsinin bu sessiyadan sonra daha da qalxacağı göründü. Çünki artıq Milli Məclis buna özü çox maraqlıdır. Əvvəllər bəzən ya deputatların ya rəhbərliyin günahı ucbatından millət vəkillərinin nüfuzu xeyli aşağı düşmüşdü. Hətta biz dəfələrlə şahidi olmuşduq ki,  hansısa tədbirlərdə icra başçıları belə deputatlardan öndə otururdu. Amma indi o məsələlər də geridə qalıb.

Ümumilikdə onu deyə bilərəm ki, ötən sessiya maraqlı, vacib məqamlarla yadda qaldı”.

“Etikxeber.az” saytının baş redaktoru Kamil Həmzəoğlu yaz sessiyasında olan dəyişiklikləri yüksək qiymətləndirərək, yeni rəhbərlikdən razı qaldığını vurğulayıb:

“Altıncı çağırış Milli Məclisin ilk sessiyası demək olar ki, tarixə qovuşdu. Bu dövr kifayət qədər gərgin və ağır dönəmə-koronavirus pandemiyasına təsadüf etdi. Belə zamanda da Milli Məclis öhdəliyinə düşən işləri layiqincə görməyi bacardı. Son 30 ildə Azərbaycan parlamenti tarixində ikinci dəfə xanım millət vəkili parlament sədri seçildi. Çox qəribədir ki, hər iki xanım spikerin də soyadı eynidir - Qafarova. 1990-91-ci ildən sonra ilk dəfə olaraq müxalifət partiyasının təmsilçisi olan Fəzail İbrahimli vitse-spiker seçildi.


Ötən dönəmlərdə cari məsələlərin müzakirələrinə təsadüfi halda rast gəlmək olardı, qanun layihələrinin müzakirələri demək olar ki, tələsik başa çatdırılırdı. Amma Sahibə xanım hər bir millət vəkilinə öz fikirlərini bildirmək üçün kifayət qədər şərait yaratdı və onların irad, təkliflərinə sonacan səbrlə yanaşdı. Yəni artıq hər kəs Milli Məclisin əsl siyasət meydanı, siyasi fikirlərin səsləndiyi bir məkan olduğu qənaətinə gəldi. Bundan başqa, ötən çağırışlarda jurnalistlərə parlamentə noutbuklarını gətirməyə icazə verilmirdi, amma Sahibə xanım bu qadağanı da götürdü. Onu da qeyd edim ki, istər seçkilər zamanı, istərsə də seçkilərdən sonra Milli Məclislə bağlı öz tənqidi fikirlərimi səsləndirmişdim.
İndi düşünürəm ki, Milli Məclisin yeni rəhbərliyi parlamentin nüfuzunun qaldırılması istiqamətində müsbət irəliləyişlərə nail ola bildi. İnanıram ki, növbəti dönəmlərdə də bu proses davam edəcək”.

“Elan olunmamış müharibə” şəraitində bütün məsələlərin həlli mümkünsüzdür”

“Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy yaz sessiyası boyunca parlamentdə koronavirusla mübarizə sahəsində vacib addımların atıldığını qeyd edib:

“Milli Məclisin yaz sessiyası faktiki olaraq fövqəladə vəziyyət rejimində işlədi. Düzdür, ölkədə fövqəladə rejim tətbiq olunmayıb, ancaq nəzərə almaq lazımdır ki, koronavirus parlamentin qapılarından da içəri daxil ola bildi, həm deputatlar, həm də Milli Məclis Aparatının işçiləri arasında virusa yoluxanlar oldu. Təbii ki, belə bir durumda böyük bir heyətin, yetərsay olmaq şərtilə hər dəfə toplaşması, gündəlikdəki məsələləri müzakirə etməsi, qanunverici orqanı olaraq qarşısındakı vəzifələrin öhdəsindən gəlməsi elə də asan deyildi. Amma mən deyərdim ki, Milli Məclis pandemiyanın yaratdığı ciddi fəsadların fonunda yaz sessiyası və növbədənkənar sessiya ərzində üzərinə düşən missiyanı yerinə yetirə bildi. Düzdür, yaz sessiyasının işlər planına daxil olan bir sıra qanun layihələri növbəti sessiyaya qaldı, amma nəzərə almalıyıq ki, “elan olunmamış müharibə” şəraitində qarşıya qoyulan bütün məsələləri həll etmək mümkünsüzdür. Onu da xüsusi vurğulamaq lazımdır ki, növbədənkənar seçkilərin fevral ayında keçirilməsi səbəbindən yaz sessiyası gec başlamışdı və üstəlik, koronavirus pandemiyasının yaratdığı fəsadlar səbəbindən bəzi problemlərin olması təbii idi. Ancaq Milli Məclisin tərkibi - sədarət daxil - qoruyucu maska, əlcəkdən istifadə etməklə, həmçinin onlayn müzakirələr, videokonfanslar keçirməklə də olsa, qanunvericilikdəki boşluqların doldurulması, yeni qanun layihələrinin qəbulu, həmçinin pandemiya ilə mübarizə sahəsində vacib olan addımların atılmasında öz sözünü dedi”.


E.Paşasoyun bu sessiyada sevmədiyi məqam kimi hökumət üzvü olan bəzi məmurların deputatların tənqidi çıxışlarına sərt ritorika ilə cavab verməsi olub:

“Milli Məclisin yaz sessiyasını izləyərkən mənə elə gəldi ki, deputatların ürəyində söz qalmadı. Bunu növbədənkənar sessiyanın son iki iclasında Sədr Sahibə Qafarovanın dəfələrlə müraciət etməsinə rəğmən, çıxış etmək istəməyənlərin olması da təsdiqlədi. Düzdür, pandemiyanın yaratdığı reallıqlar və tələb olunan operativlik amili də var. Amma məncə bu, həm də ondan xəbər verir ki, bu, sədarətin deməyə sözü olanlara kifayət qədər imkan yaratmasının məntiqi nəticəsidir. Cari məsələlərə bəzən bir saatdan artıq vaxtın ayrılması da dediklərimi təsdiqləyir. Parlamentdə 40-dan çox yeni, həm də gənc deputatların olduğunu nəzərə alsaq, deyə bilərik ki, onların potensialı qarşıdakı dönəmdə daha çox üzə çıxacaq.

Yaz sessiyasında şəxsən məni qane etməyən bir amil oldu və açığı, çox təəssüfləndim. Bu da hökumət üzvü olan bəzi məmurların deputatların tənqidi çıxışlarına sərt ritorika ilə cavab vermələri, az qala onları tənbeh etməyə cəhd göstərmələri idi. Hesab edirəm ki, belə mövqe sahibləri ali qanunverici orqanın konstitusiya ilə nəzarət funksiyasını yerinə yetirdiyini unutmamalıdırlar. Həmçinin, onlar dövlət başçısının parlamentə nə qədər önəm verdiyi barədə yaz sessiyasının ilk iclasında dediklərini xatırlasalar, kifayətdir”.

“Spiker Sahibə Qafarovaya isə şəxsən təşəkkürlərim var”


“Moderator.az” saytının baş redaktoru Zülfüqar Hüseynzadə 
keçən sessiyada bəzi gözləntilərinin reallaşmadığını desə də, ümumilikdə parlamentin işindən razı qaldığını bildirib:

“Ötən dəfə mətbuat yeni parlamentdən gözləntilərimi soruşanda arzu-istəklərimi dilə gətirmişdim. Cəmiyyətin çoxsaylı sosial-iqtisadi problemləri olsa belə, mənim üçün olmazsa olmaz Qarabağla bağlı parlamentin edə biləcəkləridir. Bu baxımdan gözləntilərim hələ ki  özünü doğrultmayıb. Yaranma səbəbi nə olmuş olsa belə, bəşəriyyətin yeni bəlası və elan edilməmiş 3-cü dünya müharibəsi hesab etdiyim koronavirusla mübarizə sahəsində parlament üzərinə düşən qanunverciliyin yeni çağırışlarışlara uyğunlaşdırılması və bəzi mesajların verilməsi məsələsində, məncə, bacardığını etdi.

Spiker Sahibə Qafarovaya isə şəxsən təşəkkürlərim var. O, artıq hər çıxışında deputatlarla bərabər media nümayəndələrinə də xitab etməklə əslində bizləri saya salmış oldu. Ümid etmək qalır ki, prezidentin Milli Mətbuatın 145 illik yubileyinin təntənəli keçirilməsi haqqında imzaladığı sərəncamdan sonra media əhlinə bütövlükdə cəmiyyətin münasibəti dəyişəcək, hüsn-rəğbəti xeyli artacaq”.

 


"Turkustan Media Qrupu"nun baş redaktoru Aqil Camal
 pandemiya dönəminə rəğmən Milli Məclisin məhsuldar işlədiyini deyir:

“Parlamentin yaz sessiyası, həmçinin, yeni tərkibdə ilk sessiyası daha çox pandemiya dövrünə düşdü. Bu baxımdan ölkədə, dünyada yaşanan gərgin vəziyyət istər-istəməz Milli Məclisin atmosferinə də öz təsirini göstərdi. Bununla belə, hesab edirəm ki, parlament çox məhsuldar işlədi. Pandemiya dövrü olmasına baxmayaraq, plenar iclaslar əvvəlki dövrlərlə müqayisədə dəfələrlə çox oldu. Həmçinin, spiker xanım Sahibə Qafarovanın parlamentə bir sıra yeniliklər gətirməsi, eyni zamanda, iclasların idarə edilməsində tətbiq olunan yanaşmalar, özünü imtiyazlı hesab edən bəzi deputatların bərabərhüquqlu həmkarlıq müstəvisinə dəvət edilməsi media təmsilçilərinin diqqətində olan məsələlərdir. Deputatlara cari məsələlər ətrafında çıxış etmək üçün imkanların yaradılması isə jurnalistlərə belə deyək ki, mövzu üçün bolluca xammal verirdi. Çünki, deputatların müxtəlif məsələlər ətrafında çıxışları ölkədə günlük xəbər axınına müsbət təsir edir, yeni mövzular verir. Bu da media üçün olduqca əlverişlidir. İnanıram ki, növbəti dönəmdə də bu tendensiyalar davam etdiriləcək. Tətildən sonra millət vəkillərinə maskasız, məsafəsiz, pandemiyasız bir payız sessiyası arzulayıram”.

Ölkə.az” saytının əməkdaşı Mürtəza Bünyadlı da parlamentin ötən sessiyasını qənaətbəxş hesab edib:


“Parlament  cəmiyyətlə hakimiyyət arasında  dialoqun qurulmasında, cəmiyyəti narahat edən məsələlərin həllinə nail olmaq üçün bir vasitəçi qurumdur. Ona görə də orada cəmiyyəti narahat edən məsələlərin qaldırılmasına ehtiyac var. Çünki deputatın cəmiyyəti, seçicisini narahat edən məsələni qaldırdığı və çıxış etdiyi yer parlamentdir. Düzdür, deputatın müvafiq dövlət quurmlarına  müraciət etmək, onlarla görüşüb məsələni qaldırmaq hüquqları var. Ancaq bu heç də hər zaman istənilən nəticəni vermir. Ona görə də deputatalar seçicilərlə görüşdə ciddi problem yaşayır. Seçici deputatdan "parlamentə mənim hansı problemi qaldırdın, həllinə çalışdın" sualını verir. Odur ki,  KİV-lərin komitə iclaslarında iştirakına şərait yardılmalıdır.
Ümumiyyətlə, parlamentin fəaliyyətini müsbət dəyərləndirərəm. Xüsusən də spiker Sahibə xanımın parlamentdə etdiyi bir çox yeniliklər təqdirəlayiqdir. Artıq müvafiq dövlət qurumlarının rəhbərlərinin komitə iclaslarına dəvət olunması, problemlərin müzakirəsi və ya dinləmə keçirilməsi, iclasların aparılma qaydasında müsbət çalarlar çoxdur. İlk dövr üçün bu qısa müddəti qənaətbəxş dəyərləndirmək olar”.

“Ümid payız sessiyasına qaldı...”

“Unikal.org” saytının əməkdaşı Hüseyn İsgəndərov iclasların polemika şəraitində keçirilməsindən razı qaldığını bildirib:


“Öncə onu qeyd edim ki, son yaz sessiyası əvvəlki plenar iclaslardan bir neçə məqama görə maraqlı keçdi. Belə ki, sonuncu sessiya parlament rəhbərliyi də daxil olmaqla, yeni simalarla fəaliyyətə başladı. Uzun illərdən sonra parlamentə qadın rəhbər və eyni zamanda, müxalifət və bitərəflərin nümayəndələrindən vitse-spikerlər seçildi. Ən çox yadda qalan məqam isə  spiker Sahibə Qafarovanın rəhbərliyi altında iclasların əvvəlkindən fərqli olaraq demokratik, deputatlar arasında polemika şəraitində keçirilməsidi. Cari məsələlərin müzakirəsi zamanı hər bir deputatın fikirlərini söyləməsinə şərait yaradılması da ən çox diqqətçəkən  məqam oldu.

Pandemiya dövründə Milli Məclis də Operativ qərargahın tövsiyələrini nəzərə almaqla, öz işini ölkədə tətbiq olunan qayda-qanuna uyğun qura bildi. Bəzi iclaslarda yaşı 65-dən yuxarı olan millət vəkilləri iştirak etməsələr də, ümumən parlamentin başa çatan sessiyasının işini qənaətbəxş hesab etmək olar. Arzu edək ki, növbəti sessiyalarda da parlament ölkəmiz adına istər beynəlxalq təşkilatlarla işlərdə, istərsə də daxildə aparılan islahatlara uyğun yeni qanunvericilik bazasının hazırlanmasında öz töhfəsini versin.
Pandemiya şəraitində Milli Məclisin komitə iclaslarının onlayn qaydada keçirilməsi  parlament tarixinə düşəcək hadisə idi. Bu kimi yeniliklərin tətbiqi də yadda qalan məqamlardan oldu”.



Oxu.Az-ın əməkdaşı Aqşin Kərimov 
hesab edir ki, altıncı çağırış Milli Məclis öz fəaliyyətinə başlayar-başlamaz üzərinə çox ağır yük düşdü:

“Koronavirus pandemiyası ali qanunverici orqanın fəaliyyətində təxirəsalınmaz qanun layihələrin qəbulu çağırışını qoydu. Milli Məclis pandemiya ilə əlaqədar epidemiya əleyhinə rejimin pozulmasına görə inzibati və cinayət məsuliyyətlərini təsdiqlədi. Bu mənada parlament günün tələblərinin diktə etdiyi şərtlər altında operativ işlədi. Qanunvericilikdə cinayət hesab olunan 35 əməlin dekriminallaşdırılması ilə bağlı qanun layihəsinin qəbulu da mühüm hadisə idi. Dövlət dili normalarının pozulmasına görə cərimələrin müəyyən edilib İnzibati Xətalar Məcəlləsinə salınması da hesab edirəm ki, təqdir olunası qanunvericilik təşəbbüsü idi”.

Jurnalist bildirib ki, altıncı çağırış Milli Məclisin bəzi iclasları dinamikliyi və gərgin müzakirələri ilə də fərqlənib:

“2019-cu ilin dövlət büdcəsinin icrası barədə qanun layihəsinin müzakirəsi zamanı Maliyyə naziri Samir Şərifovla deputat Qüdrət Həsənquliyevin “atışması” maraqlı oldu. Üstəgəl Samir Şərifovun ad çəkməsə də, ilk dəfə deputat seçilən şəxslərə qarşı ironiyası da jurnalistlərin diqqətindən qaçmadı. Bu cür müzakirələr əslində parlament jurnalistləri üçün əla materiallardır”.

A.Kərimov onu da əlavə edib ki, Milli Məclis “gözləri yol çəkən” bir sıra qanun layihələrinin qəbulunu yenə də təxirə saldı.

“Siyahını uzatmayacam. Amma düşünürəm ki, pandemiya dövründə ən azından Rəqabət Məcəlləsinin qəbulu parlament üçün aktual olmalı idi. Ancaq sənədin bu dəfə də bəxti açılmadı, ümid payız sessiyasına qaldı”.

“Deputatların maska taxmağı parlament tarixinə düşdü”

“Pravda.az” saytının baş redaktoru İlkin Pirəli 
yeniliklərin davamlı olacağı düşüncəsindədir:

“Parlamentin yaz və növbədənkənar sessiyaları cəmiyyət həyatına təsir edən qərarların qəbulu ilə yadda qaldı. Parlament sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı cərimələri artırdı. Bu məsələ cəmiyyətdə kifayət qədər müzakirə edildi. Koronavirus pandemiyası ilə əlaqədar müəyyən çətinliklər yarandı. Amma bu çətinliklər Milli Məclisin işinə o qədər də təsir etmədi, komitə iclasları onlayn rejimdə keçirildi. Plenar iclaslar adi qaydada keçirilsə də, karantin qaydalarına ciddi şəkildə riayət olundu. Hətta buna görə jurnalistlərə inzibati binaya komputerin keçirmələrinə icazə verildi. Ümid edirik, növbəti mərhələdə smartfonların keçirilməsinə də razılıq veriləcək. Milli Məclis nə etmək lazım idisə, etdi.
Əvvəlki dövrlərdən fərqli olaraq deputatların çıxış etmələrinə məhdudiyyət qoyulmadı. Millət vəkillərinə geniş imkanlar yaradıldı. Ona görə də plenar iclas saatlarla çəkdi... Bəzən deputatlar müzakirələri dayandırmağı təklif edirdilər. Hörmətli sədr Sahibə Qafarova dəfələrlə dedi ki, deputat söz istəyirsə, şərait yaradılmalıdır, parlament müzakirə yeridir. Sahibə xanımın rəhbərliyi ilə yeniliklərin davam edəcəyi gözləniləndir”.


“Azvision.az” saytının əməkdaşı Anar Kəlbiyev
 onlayn iclaslara jurnalistlərin qoşula bilməməsindən narazı qalıb:

“Pandemiya dönəmində Milli Məclisin işini normal qiymətləndirirəm. Yəni, iş bu dönəmə uyğun olaraq qurulmuşdu. Komitələrin iclasları onlayn qaydada keçirilirdi. Amma komitələrin onlayn iclaslarına jurnalistlər qoşulmurdu. Həmin iclaslarda jurnalistlər də iştirak edə bilərdilər. Parlamentin başa çatan sessiyasının nə ilə yadda qaldığına gəlincə, bu dövr pandemiya dönəminə təsadüf etdi. Düşünürəm ki, qapalı yerlərdə maska taxmamağa görə cərimələrin tətbiq edilməsi məsələsi yadda qaldı”.


Modern.az saytının əməkdaşı Namidə Bingöl: 
“Altıncı çağırış parlament növbədənkənar seçildiyindən yaz sessiyası da işinə bir qədər gec başladı. Üstəlik COVID-19 pandemiyasının dünyada, eləcə də ölkəmizdə tüğyan etməsi parlamentdən də yan keçmədi. Təbii ki, koronavirus parlamentin işində müəyyən gərginliklər yaşatdı. Deputatlar tibbi maska, əlcəklə iclas zalına buraxıldılar. İndi dəqiq analiz aparanda aydın olur ki, bu boyda gərginliyin içərisində bir çox qanun layihələri qəbul edilib, hökumətin, Ombudsmanın hesabatı dinlənilib, bunlar yaddaqalan məqamlardı
Yola saldığımız yaz sessiyasında deputatların aktivliyi də diqqət çəkdi. Nazirlərin qarşısında tənqidi fikirlər söyləyən deputatlar oldu. Həmçinin, ölkədəki su problemi deputatlar tərəfindən xüsusi müzakirələrə çıxarıldı.

Qarşıdan gələn payız sessiyasında heç kimi maskada görmək istəmirəm. Hesab edirəm ki, bu, parlament tarixində xoş olmayan ilk kimi yadda qalacaq". (Modern.az)