Koronavirus (COVİD-19) epidemiyası ilə mübarizədə ölkəmiz bütün vasitələrdən istifadə edərək insanların yoluxmaması üçün zəruri tədbirləri həyata keçirməkdədir. Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə Operativ Qərargah tərəfindən tətbiq olunan məhdudiyyətlər, qəbul edilən qərarlar və çağırışlar əhalinin sağlamlığı naminə atılan addımlardandır.
Unikal.org xəbər verir ki, millət vəkili Novruz Aslanov respublikada tətbiq olunan məhdudiyyətləri nəzərə alaraq, yalnız zəruri hallarda deputat seçildiyi İsmayıllı rayonuna səfərlər edərək seçicilərini qəbul edir. Məlumat verdiyimiz kimi digər vaxtlarda onlayn və telefon vasitəsilə seçicilər ilə əlaqə saxlanılır.
Iyulun 2-də deputat İsmayıllı rayonuna növbəti belə səfərini edib. İsmayıllı şəhərindəki ofisində seçicilərini qəbul edib, problemləri ilə maraqlanıb. Qəbula gələn hər bir sakinə sanitar-epidemioloji qaydalar izah olunub, ehtiyac olduqda onlar qoruyucu maskalarla təmin edilib və digər qoruyucu vasitələrdən istifadə olunub. Fərdi qaydada keçirilən qəbulda əsasən gündəlik zəruri ehtiyacların qarşılanması məsələsinə önəm verilib. Şəxsi gigiyena üçün nəzərdə tutulmuş vasitələrlə sakinlərə yardım edilməsi məqsədilə millət vəkili köməkçilərinə tapşırıq və tövsiyələrini verib.
Pandemiya dövründə millət vəkili İsmayıllı rayonuna 8 səfər edib və 7 onlayn qəbul keçirib. Onlarla müraciətə baxılıb və onların 80 faizi öz həllini tapıb, digər müraciətlər qeydə alınaraq əlaqədar qurumlara göndərilib. Müraciətlərin böyük əksəriyyəti şəxsi məişət problemləri ilə bağlı olub, həmçinin, sosial yönümlü məsələlər də bu sıradan olub.
Məlumat üçün bildirək ki, İsmayıllı rayonunda həyata keçirilən bütün humanitar layihələr yerli icra hakimiyyəti orqanı ilə koordinasiya edilir.