Xəbər verdiyimiz kimi, Tərtər rayonunun Hacıqərvənd kəndində 32 yaşlı şəxs azyaşlını amansızlıqla qətlə yetirib.
Unikal.org-a açıqlama verən kəndin bələdiyyə sədri Kəmaləddin Heydərov hadisənin təfərrüatını danışıb. İlkin məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən 1988-ci il təvəllüdlü Elmir Hüseynovla öldürülən 2018-ci il təvəllüdlü Ömər Ağazadənin atası Təhmasib Ağazadə yaxın qohumdurlar. Hər iki ailə arasında ədavət olmayıb. Hadisə baş verən gün E.Hüseynov Ağazadələrə məxsus evə gələrək həyətdə iki yaşlı uşağa kürəklə zərbələr endirdikdən sonra ona yaxınlaşan azyaşlının anasına da hücum edib. Hazırda mərhumun anası xəstəxanada müalicə alır.
Qeyd edək ki, Tərtər rayon Prokurorluğundan verilən məlumata görə, dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, o cümlədən digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı Tərtər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub.İlkin istintaqla cinayətin Tərtər rayon sakini, 1988-ci il təvəllüdlü Elmir Hüseynov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.Elmir Hüseynov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Famil Fərhadoğlu