Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, ölkəmizdə dövlət xidmətlərinin elektronlaşdırılması, dövlət informasiya ehtiyatlarının inteqrasiyası üzrə ardıcıl və məqsədyönlü iş aparılır.
Unikal.org-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsindən verilən xəbərə görə, nəticədə məmur-vətəndaş təması aradan qaldırılır, şəffaflıq mühiti yaradılır.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi ölkə rəhbərinin tələblərini yerinə yetirərək, vətəndaşların müraciətlərinə həssaslıq göstərir, müasir texnoloji yeniliklərdən istifadə etməklə bu sahədə işin daha da təkmilləşdirilməsi istiqamətində tədbirlər həyata keçirir.
Belə tədbirlərdən biri “Məcburi köçkün statusuna dair arayışın verilməsi” üzrə xidmətin elektronlaşdırılmasıdır. İyul ayından tətbiqinə başlanan bu elektron xidmət vətəndaşların vaxtına, komitənin isə resurslarına qənaət olunmasına şərait yaradır.
Qeyd edək ki, buna qədər məcburi köçkün statusunu təsdiq edən arayışı almaq üçün vətəndaşlar müvəqqəti qeydiyyatda olduqları rayonlar üzrə komitənin nümayəndəliklərinə müraciət edirdilər. Yeni elektron xidmət vətəndaşlara heç bir yerə getmədən internet üzərindən müvafiq sənədi əldə etmək imkanı verir. Məcburi köçkün statusunu təsdiq edən arayışı elektron qaydada əldə etmək üçün “myGov” portalına daxil olmaq tələb olunur. “myGov” portalına “ASAN Login” sistemi üzərindən daxil olmaq mümkündür.
Portala daxil olmaq üçün istifadəçi FİN-i, “Asan imza”, elektron imzadan istifadə edə bilərsiniz. Bu xidmətlərdən istifadə ilə bağlı, “myGov” portalında yerləşdirilmiş təlimat videosunda məlumat ala bilərsiniz.
Portala daxil olduqdan sonra “Bütün xidmətlər” bölməsindən, “Qurumlar üzrə” altbölməsinə keçid edilir və “Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi” seçilir. Açılan pəncərədə “Məcburi köçkün statusu haqqında arayış” xidmətinin üzərinə klik etməklə elektron arayış əldə olunur. Arayışda vətəndaşın ad, soyad və təvəllüdü, məcburi köçkün statusu, məcburi köçkün vəsiqəsinin seriya nömrəsi, verilmə tarixi və son istifadə tarixi kimi məlumatlar əks olunur. Həmçinin, “Yüklə” düyməsini sıxaraq elektron arayışın PDF formasını əldə etmək mümkündür.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən idarə edilən “myGov” portalında hər bir vətəndaş öz şəxsi kabineti üzərindən “eAgro”, “eSatınalma", “Azərbaycan Respublikasının Mərkəzi Bankının Elektron Müraciətlər Sistemi”, “ASAN ödəniş”, “eSosial”, “eHərrac”, Azərbaycan Dövlət Reklam Agentliyinin “İcazələr” sisteminə daxil ola bilər. Portala inteqrasiya olunmuş sistemlərlə birgə vətəndaşlara şəxsi kabinetləri üzərindən 710 elektron xidmətə çıxış təmin olunub. Bundan başqa “myGov”da vətəndaşlara ilkin olaraq 18 növ bildiriş xidməti də göstərilir.