Ölkə ərazisində koronavirusun (COVİD-19) yayılmasının qarşısının alınması məqsədi ilə tətbiq edilən xüsusi karantin rejimi dövründə əhalinin sağlamlığının qorunması, təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə, xidmət və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində nəzarət tədbirləri davam etdirilir.
Qurumun mətbuat xidməti tərəfindən Unikal.org-a verilən xəbərə görə, AQTA əməkdaşları tərəfindən 21 may-05 iyul 2020-ci il tarixlərində Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 876 turizm və otelçilik, 7 099 ictimai iaşə obyekti, 9 023 ərzaq satışı mağazası olmaqla ümumilikdə 16 998 müəssisədə reydlər keçirilib. Keçirilən reydlər zamanı uyğunsuzluq aşkarlanan 5 turizm və otelçilik, 209 ictimai iaşə və 326 ərzaq satışı ilə məşğul olan müəssisələr barəsində inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Həmçinin 13 ərzaq məhsullarının satışı ilə məşğul olan müəssisə və 27 ictimai iaşə müəssisəsi barəsində məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilmişdir.
Qeyd edək ki, Agentlik tərəfindən bu sahədə bir neçə metodiki göstəriş hazırlanaraq müvafiq sahibkarlıq subyektlərinə rəsmi şəkildə təqdim olunub. Maarifləndrimə tədbirləri çərçivəsində respublikamızın bütün bölgələrində, eləcə də Bakı şəhərində fəaliyyət göstərən ərzaq məhsullarının satışı məntəqələrində AQTA əməkdaşları tərəfindən hazırlanmış təşviqat xarakterli çap materialları da ərzaq satışı məntəqələrində yerləşdirilib.