Anqolanın dövlət xəzinəsinə milyardlarla dollar ziyan vurmaqda ittiham olunan Afrikanın ən zəngin qadını İzabel duş Santuş istintaqla əməkdaşlıq etməyə razılıq verib.

Unikal.org xəbər verir ki, bu barədə “Bloomberg” yazır.
 
Belə bir addımını isə o, öz adını təmizləmək istəyi ilə izah edib.

Duş Santuşun əleyhinə bir neçə cinayət işi açılıb. O, dövlət vəsaitini mənimsəməkdə, fırıldaqçılıqda, eləcə də tutduğu mövqedən sui istifadədə ittiham olunur. Anqola hökumətinin hesablamalarına əsasən, o, qeyri-qanuni fəaliyyəti nəticəsində dövlətə 5 milyard dollar ziyan vurub.

Xatırladaq ki, İzabel 1969-1973-cü illərdə indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (keçmiş Azərbaycan Dövlət Neft Akademiyası – S.M.) təhsil alan Juze Edvardu dus Santuşla milliyyətcə rus olan Tatyana Kukanovanın nikahı zamanı Bakıda doğulub. Atası 1979-2017-ci illərdə Anqolanın üçüncü prezidenti olub.

Məşhur “Forbes” jurnalı 2013-cü ildəki araşdırmasına görə, 2 milyard dollara sahib olan İzabel dus Santuşu Afrikanın ilk qadın milyarderi adlandırıb. Lakin atasının prezidentliyi dönəmində ölkə xəzinəsinə vurduğu maddi ziyana görə Portuqaliya və Anqola prokurorluğu onun bütün bank hesablarını dondurub.