Vahid namizəd bəlası
12:43 05-12-2012
İQTİSADİYYAT
Vahid namizəd bəlası
Əli Kərimlinin təklifi reallaşması mümkünsüz maraqlı ideyadı
Müxalifət daxilində vahid namizəd məsələsi həll olunmaz problemə çevrilməkdədir. Müxalif partiyaların hər biri iddia edir ki, seçkilərə vahid namizədlə gedilməsə heç bir effekt olmayacaq. Buna baxmayaraq heç kimdə geri çəkilmək niyyətində deyil. Öncəliklə Müsavat başqanı İsa Qəmbər, daha sonra isə AXCP sədri Əli Kərimli seçkilərdə iştirak edəcəyini bəyan etdi. Qeyd edək ki, hazırda müxalifətin əsas gücü İctimai Palata hesab edilir və İP-də AXCP ilə Müsavatdan formalaşıb. Deməli bu problem həllini tapmasa İctimai Palata dağılacaq və vahid namizəd məsələsinə bir dəfəlik nöqtə qoyulacaq.
Reallaşmayan
ilkin təkliflər
Hazırda bu məsələ ilə bağlı müxtəlif fikirlər səsləndirilməkdədir. Məsələn, bir müddət öncə bildirildi ki, İsa Qəmbər və Əli Kərimlinin vahid namizəd olması məsələsi cəmiyyətin müzakirəsinə çıxarılsın və kim daha çox dəstək alarsa oda vahid namizəd olsun. Elə həmin an AXCP-yə yaxın təşkilatlardan biri sorğu keçirtdi və Əli Kərimli qalib elan olundu. Bununda nəticəsi qəbul olunmadı. Bundan sonra təklif edildi ki, məsələ iki liderin öz arasında müzakirə olunsun və iki liderin birgə çıxaracaqları qərarı hamı qəbul etsin. Məhz bu təklifdən dərhal sonra İsa Qəmbər seçkilərdə iştirak edəcəyini bildirdi və bu təklifdə qüvvəsini itirdi. Nəhayət sonuncu təklif bu oldu ki, vahid namizəd nə İsa Qəmbər, nə də Əli Kərimli olsun. Tamam başqa bir şəxs müxalifətin namizədi olsun. Hətta ünvan kimi Ziyalılar Forumu göstərildi və ən layiqli namizəd kimi Rafiq Əliyev göstərildi. Amma bu təşəbbüsdə özünü doğrultmadı və İctimai Palata Ziyalılar Forumundan uzun müddət kənarda durdu. Hətta həmin zaman belə fikirlərdə səsləndirildi ki, əslində Ziyalılar Forumunu hakimiyyətdə ki, qruplaşmalardan biri yaradıb. Bununla da təklif elə təklif olaraq qaldı.
Əli Kərimlidən
yeni həmlə
Bu günlərdə AXCP sədri Əli Kərimli bu mövzunun üzərinə yenidən gəlib və fərqli bir təklif artıq gündəmdədir:-"Bir müddət müxtəlif fikirliliyin olmasına normal yanaşmaq lazımdır. Çünki çoxpartiyalı sistemdir. ABŞ-da neçə namizəd çıxır ortaya, praymerizdən sonra hər partiyadan bir namizəd qalır. Ona görə seçkiyə bir il qalmış namizədlərin çox olmasına təəccüblə baxmaq lazım deyil. Sadəcə ona təəccüblü baxmaq və doğru saymamaq lazımdır ki, israrla kiminsə "mütləq mən namizəd olacam" deməsini doğru saymıram. Biz demokratik ölkə deyilik ki, hər şey seçkidə həll olunsun. O situasiyanı yaratmaq lazımdır ki, hökumət seçkini saxtalaşdıra bilməsin. Bu situasiyanı biz iki yolla müəyyənləşdirə bilərik. Ya müxalifət geniş çapda birləşir, geniş hərəkata nail olur və hamı bir arada olandan sonra hərəkat içindən bir lider çıxarır. Yaxud da bu alınmırsa, biz vahid namizədimizi müəyyənləşdirək, sonra onun ətrafında birləşərik. Bunu deməklə olmur. Vahid namizəd iddiaçıların arasında hansı mexanizmlə müəyyənləşəcək. Mən praymerizlərin tərəfdarıyam. Qoy xalq seçsin. Bizim partiyanın üzvü mənim namizədliyimi istəyəcək, başqa partiyanın üzvü də o partiyanın namizədini. Belə heç bir konsensusa gələ bilmərik. Müxalifət elektoratının səsverməsi keçirilsin. 50 min adam səsvermədə iştirak etsin və müxalifətin vahid namizədi seçilsin. Seçkiyə gedən hər bir şəxs də etiraf etsin ki, seçkinin nəticəsini tanıyacaq. Niyyət ciddidirsə, kompromis tapmaq olar. Mən hər iki varianta razıyam. Çoxlu namizədlə müxalifət birləşmədən seçkiyə getsə, böyük xalq hərəkatına nail olmaq çətin olacaq. Bütün kampaniya dövrü bizi ruh düşkünlüyü müşayiət edəcək".
Təklifin reallıq gücü
Bu məsələnin nə qədər real olub-olmamasını aydınlaşdırmadan öncə gəlin müxalifət daxilində seçkilər keçirilərsə burda nə qədər adamın iştirak edib-etməməsi məsələsinə baxaq. Bu gün müxalifət partiyalarında üzvlərin sayı kifayət qədər fərqlidir və ən maraqlı məqamda məhz bundadır. Belə ki, Azərbaycan Milli İstiqlal Partiyasının 30 minə yaxın, Müsavat Partiyasında isə İsa Qəmbərin 80 minə qədər tərəfdarı cəmləşib. Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) funksionerləri də tərəfdarlarının sayını mətbuata açıqlamağa lüzum görmürlər. Eks-spiker Rəsul Quliyevin isə respublikamızda cəmi 8 min tərəfdarı var. Sərdar Cəlaloğlu da indiyə qədərki siyasi fəaliyyətində ətrafına ölkə üzrə 25 mindən artıq tərəfdar toplaya bilib. Hazırda qərargahsız qalmış Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP) cəbhəçilərin respublika üzrə 40 min nəfər təşkil etdiyini xəbər verdilər. Ekspertlər hesab edir ki, bu partiyalarında hər biri vahid namizəd məsələsinin müəyyənləşməsində iştirak etməyəcək. Məsələn, KAXCP artıq bəyan edib ki, seçkilərdə öz namizədləri olacaq və buna görə məsələyə müdaxilə etməyəcəklər. Sərdar Cəlal oğlu isə Ümid partiyası ilə müttəfiqdir və seçkilərdə Ümid partiyasının sədri İqbal Ağazadənin namizədliyini dəstəkləyəcək. Belə olan halda yenə də ümid qalır AXCP ilə Müsavat partiyasının üzvlərinə. Belə olan halda Müsavat bu seçkilərə 80 min, AXCP isə 40 min üzvlə seçkilərə qatılmalı olacaq. Bu isə o deməkdir ki, artıq İsa Qəmbər namizəd elan oluna bilər. Bu isə sözsüz ki, qarşı tərəfin maraqlarına cavab vermir və nəticə yenə də nəticəsizlik olacaq. Amma verilən təklifdə maraqlı bir detal var. Əli Kərimli səsvermədə 50 min adamın iştirakını istəyir. Belə olan halda deməli Müsavat 80 min üzvünün xeyli hissəsindən imtina etməli olacaq. Ümumiyyətlə onda maraqlı bir sual ortaya çıxır, 50 min şəxs hardan seçilib seçkilərə cəlb olunmalıdır?
Ekspertlər hesab edir ki, bunun üçün sadəcə olaraq QHT-lərin imkanlarından istifadə etmək olar. Amma buda məlumdur ki, QHT-lərdə kifayət qədər siyasiləşib və onların mövqeyi ortaq mövqe ola bilməz. Məsələn, ölkədə ki, ən böyük QHT-lərdən biri Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiə Təşkilatıdır ki, onun sədri Novella Cəfəroğluda Müsavat partiyasının üzvüdür. Belə olan halda Novella Cəfəroğlunun bu seçkilərdə iştirakına AXCP-in göstərəcəyi təpkini indidən görmək mümkündür. Beləliklə gördüyünüz kimi bu təklifdə kifayət qədər ziddiyətlidir və məsələnin normal həlli üçün yeni ciddi alyansın yaranmasına ehtiyac var. Bu necə ola bilər?
İP-dən imtina
AXCP sədri təklifində bildirir ki, ABŞ modelindən istifadə etmək olar. Amma ABŞ-da məsələ ondadır ki, seçkilərdən öncə ki, seçkilər ümumi partiyalar arasında yox, partiyaların öz daxilində namizəd müəyyənləşdirmək üçün keçirilir və buna görə də nəticələr normal qəbul olunur. Amma indi Azərbaycandakı durum tamam fərqlidir və buna görə verilən təklif ABŞ-dakı ilkin seçkilərlə müqayisə oluna bilməz. Amma belə bir fikirdə var ki, vahid namizədin həll olunması üçün daha geniş alyansın yaranmasına ehtiyac var və mütləq ilk olaraq bu addım atılmalıdır. Bu addımın atılması üçün isə gərək İctimai Palata buraxılsın. Nəyə görə? Öncələr İctimai Palata daha rəngarəng idisə, bu gün demək olar ki, digər siyasi qüvvələr İctimai Palatanı tərk edib və artıq bu qrum sadəcə olaraq AXCP və Müsavatdan ibarətdir. Bu isə ümumilikdə müxalifət demək deyil. Buna görə də yeni alyans yaratmaqla ən azından ALP, ADP, KAXCP, AMİP,ACP kimi partiyalarıda bu alyansa cəlb etmək olar. Məzh bundan sonra Əli Kərimli və İsa Qəmbərlə yanaşı digər iddialılarda namizədliklərini verir və səsvermədə alyansa üzv olan partiyaların sıraviləri və vətəndaş cəmiyyətləri iştirak edir. Bu isə daha real nəticələrin ortaya çıxmasına təsir edər. Maraqlıdır, bəs tərəflər buna razı olarlarmı? Ekspertlər bildirir ki, bu gün Müsavat özünü daha şanslı hesab edir və AXCP-dən fərqli olaraq müəyyən resurslara malikdirlər. Buna görə istənilən təklifə baxmayaraq Müsavat tək başına seçkilərə gedəcək. Bunu AXCP-də bilir və bu səbəbdən fərqli təkliflərlə çıxış edərək Müsavatın marağına sahiblənmək istəyirlər. Amma bu hələ ki, alınmır. Ekspertlər bildirir ki, bundan başqa əsas problemlərdən biri də zaman məsələsidir. Seçkilərə artıq bir ildən az vaxt qalıb və bu vaxt ərzində yeni alyansın yaradılması, ilkin seçkilərin təşkili sadəcə mümkünsüzdür. Hətta mümkün olsa belə bu seçkilərdə tərəflər əsas mübarizəni bir-biri ilə aparacaqlar və bu müxalifəti kifayət qədər zəiflədəcək. Bu zaman ərzində isə hakim komanda daha da güclənə biləcək. Hətta buda hələ inandırıcı deyil ki, ilkin seçkilərin nəticəsini tərəflər normal qarşılayacaq. Çünki illər ərzində müxalifətin bir araya gələ bilməməsinin ən başlıca səbəbi qarşılıqlı inamın olmamasıdır. Demək olar ki, müxalifət partiyalarının hər biri dəfələrlə digərini hakimiyyətə işləməkdən tutmuş, xarici ölkələrə casusluq etməyə qədər günahlandırıblar. Bunu da nəzərə alsaq onda mənzərə daha aydın görünər.
Beləliklə məlum olur ki, AXCP sədri Əli Kərimlinin təklifi kifayət qədər cəlbedici görünsədə bunun reallaşması sadəcə mümkünsüzdür. Və bu məsələ ilə bağlı aparılacaq müzakirələrdə sadəcə vaxt itkisi olacaq. Çünki indinin özündə Müsavatın tutduğu xətt təsdiqləyir ki, bu təklifə o qədərdə isti yanaşmırlar və məsələyə ciddi reaksiya da olmayacaq. Çünki müsavat rəsmiləri indidən bildirirlər ki, bu təklif sıradan olan təkliflərdən biridir və lazım olarsa məsələyə baxılar. Bu isə artıq təklifdən mədəni imtina deməkdir. Bütün bunlar isə təsdiqləyir ki, bu seçkilərdə müxalifət vahid namizədlə prosesə qatılmayacaq. Çünki buna faktiki hazır deyillər. Hətta buda qeyd olunur ki, müxalifət liderləri ABŞ səfiri ilə görüşdə də vahid namizəd məsələsini müzakirə ediblər və orda da açıq şəkildə vahid namizəd məsələsinin həll olunmasının mümkünsüzlüyü bəyan edilib.
Eldəniz Elgün
Digər Xəbərlər
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07