Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, “SUP” Akselerasiya Mərkəzinin və “Tech Academy”nin birgə təşkilatçılığı ilə “Global Game Jam Next” tədbiri keçiriləcək.
Unikal.org-a NRYTN-nin mətbuat xidmətindən verilən məlumata görə, “Global Game Jam Next”in əsas məqsədi video oyunlarının yaradılmasını öyrənməyə həvəs göstərən 12-17 yaşlı yeniyetmə və gənclərə bu sahədə ilkin bilikləri mənimsəməyə dəstək olmaqdır. Bu tədris proqramı onların kodlaşdırma potensialını üzə çıxararaq texniki biliklər qazanmasına imkan yaradacaq.
13-24 iyul tarixlərində baş tutacaq tədbir iki hissədən ibarət olacaq. Birinci hissədə (13-17 iyul) iştirakçılara proqramlaşdırma və oyun hazırlama bacarıqları mövzularında video dərslər keçiriləcək.
İkinci hissədə isə (20-24 iyul) iştirakçılar öyrəndiklərini tətbiq etməklə öz ideyaları əsasında oyunlar hazırlayacaqlar.
İştirak üçün 12-17 yaşlı yeniyetmə və gənclər “https://bit.ly/2D4ZApp” linki vasitəsilə 10 iyul saat 23:59-dək qeydiyyatdan keçə bilərlər.
Qeyd edək ki, inklüziv təhsil alanlarla xüsusi mentorların iştirakı ilə inklüziv təhsil sahələrində kodlaşdırmanın təşviqini artırmaq, onların texnoloji yeniliklərə marağını gücləndirmək məqsədilə ayrıca məşğul olunacaq.