Bakıda supermarketlərdən birinin bir neçə şöbənin  qanunsuz şəkildə bağlanması tələb olunub.

Unikal.org Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə redaksiyamıza daxil olan məlumatda qeyd edilib.

Söhbət paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsi 27 C ünvanında yerləşən “Megastore” mağazalar şəbəkəsindən gedir.

Göndərilən məlumatda iddia olunur ki, ötən gün Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin iştirakı ilə ərazidə reyd keçirilib:

“Ötən gün mağazaya Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev gəlmişdi. Çəkiliş apardılar. Bu zaman bizə qadağa olunduğu halda, nə üçün mağazada oyuncaq, tekstil şöbələrinin işlədiyi sual olundu.

Daha sonra isə həmin şöbələrin lentə alınması və bu şöbələrdə satışın dayandırılması tələb olundu. Bildirildi ki, növbəti dəfə bu məqam müşahidə edilərsə, cərimə tətbiq ediləcək. Bu barədə hüquqşünaslarımıza da məlumat vermişik. Xahiş edirik, məsələnin ictimaiyləşdirilməsinə kömək edəsiniz”.

Şikayət əsasında Baku TV-nin çəkiliş qrupu sözügedən mağazada olub və vəziyyətlə yerindəcə tanış olub.