Azərbaycan Respublikası Hesablama Palatası iyunun 8-də özünün rəsmi internet səhifəsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin icrasına dair apardığı uyğunluq auditinin nəticələri barədə məlumat yerləşdirib.

Dövlət Komitəsinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, audit nəticəsində aşkar edilmiş nöqsanların aradan qaldırılması məqsədi ilə Komitə tərəfindən müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Belə ki, bir sıra məsələlər auditin aparıldığı müddətdə öz həllini tapıb, Hesablama Palatasının məlumatında qeyd edilən məbləğdə vəsaitin dövlət büdcəsinə bərpası təmin olunub. Həmçinin vahid aylıq müavinət alan şəxslərin siyahılarının dəqiqləşdirilməsi üçün həmin siyahıları tərtib edən müvafiq yerli icra hakimiyyəti orqanlarına məktub göndərilib.

Qeyd edək ki, Dövlət Komitəsində vahid elektron informasiya bazasının yaradılması və onun işinin təkmilləşdirilməsi məcburi köçkünlərin sosial müdafiəsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlərin icrasında şəffaflığın təmin olunmasına imkan verir.

Dövlət Komitəsi bir daha bildirir ki, Azərbaycan Respublikası Hesablama Palatasının müəyyən etdiyi nöqsanların tam aradan qaldırılması üçün bundan sonra da bütün zəruri tədbirlər görüləcəkdir.