"2011-ci ildə 15-17 yaşlı qadınlar tərəfindən doğulan uşaqların sayı 4392 olduğu halda, 2018-ci ildə bu rəqəm 2129, 2019-cu ildə isə 2120 olub".
Unikal.org xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın müzakirəsi məqsədilə keçirilən video konfransda deyib.
B. Muradova “erkən nikah” və “uşaq evliliyi” anlayışlarının hüquqi-normativ sənədlərdə müvafiq dəyərləndirilməsinə ehtiyac olduğunu bildirərək, Davamlı İnkişaf Məqsədlərinin 5-ci bəndində hədəflərdən birinin belə nikahların aradan qaldırılması olduğunu qeyd edib: “Qohumlar arasında bağlanan nikahlar irsi xəstəliklər başda olmaqla bir çox mənfi fəsadların yaranmasına səbəb olur. Bu kimi problemlərin qarşısını almaq üçün Nazirlər Kabineti tərəfindən təsdiqlənən qaydalar mühüm əhəmiyyət kəsb edir. Sənəd maarifləndirmənin aparılma prinsipləri, vasitələri, istiqamətləri, maarifləndirməni həyata keçirən dövlət qurumlarının dairəsini və onların funksiyalarını müəyyən edir”.