Yaxın vaxtlarda Rusiyanın Federal Tibbi-Bioloji Agentliyi (FTBA) COVID-19 ilə mübarizədə azərbaycanlı həkimlərlə birlikdə “qırmızı zonada” işləyəcək mütəxəssislərin ikinci qrupunu Azərbaycana göndərəcək.
Unikal.org xəbər verir ki, bu barədə FTBA-nın məlumatında deyilir.
Bundan əvvəl Rusiya FTBA-nın baş infeksionisti Vladimir Nikiforov və baş pulmonoloqu Aleksandr Averyanov Bakıda və regionlarda koronaviruslu xəstələri qəbul etmək üçün profilləndirilmiş bir sıra xəstəxanalara baş çəkiblər. Agentliyin mütəxəssisləri Azərbaycanın tibb müəssisələrinin işini yüksək qiymətləndirib, kadrların yüksək səviyyəli olduğunu, tibb müəssisələrinin lazımi müasir avadanlıqlarla təchiz edildiyini vurğulayıblar.
FTBA mütəxəssislərinin fikrincə, Azərbaycanda epidemioloji proses adi qaydada davam edir.
“Koronavirus xəstələrinin idarə edilməsində Rusiyanın təcrübəsi bir qədər çoxdur, hər halda pandemiya Rusiyada daha əvvəl başlayıb. Hazırda bu xəstəliyi ən təsirli şəkildə həll etməyə imkan verən bir sıra tədbirlər hazırlanıb və bunları azərbaycanlı həkimlərlə bölüşdük. COVİD-19 xəstələrin müalicəsində prinsipial fikir ayrılıqlarımız yox idi. Sadəcə dərman preparatlarının yazılması məsələsində xırda düzəlişlər etdik”, - Rusiya FTBA-nın baş infeksionisti Vladimir Nikiforov deyib.
Rusiyalı tibb işçiləri həmçinin Azərbaycan mütəxəssislərin istifadə etdiyi bəzi metodikalarla da yaxından maraqlanıblar.