Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Fondun nümayəndələri Tovuz istiqamətində döyüşlərdə şəhid olan hərbçilərin ailələrində olub. Mehriban Əliyevanın tapşırığına əsasən, Tovuz rayonu istiqamətlərində şəhid olan hərbçilərin ailə üzvlərinin bütün qayğılarının daim Fondun nəzarətində olacağı bildirilib. Qarşıdakı günlərdə Fondun nümayəndələri Ağstafa, Tovuz, Qazax, İsmayıllı, Biləsuvar və Masallı rayonlarında olaraq şəhid ailələrinə baş çəkəcək.

Unikal.org-a açıqlamasında şəhidlərimizin bizim fəxr və qürur yerimiz olduğunu deyən millət vəkili İqbal Məmmədov bildirib ki, dövlət tərəfindən hər zaman şəhid ailələrinə, vətən uğrunda yaralanaraq əlil olan oğul və qızlarımıza qarşı hər zaman böyük diqqət olub: :Eyni zamanda şəhid ailələrinin sosial rifahının yaxşılaşdırılması dövlətimizin əsas məqsədlərindən biridir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva hər bir azərbaycanlıya həmişə xüsusi qayğı ilə yanaşıb. Eləcə də şəhid ailələrinə”.

Millət vəkili qeyd edib ki, Mehriban xanım Əliyevanın Tovuz istiqamətində gedən döyüşlərdə qəhrəmancasına döyüşərək şəhid olan 12 hərbçi ilə bağlı Heydər Əliyev Fonduna tapşırıq verməsi onun növbəti humanist addımlarından biridir: “Bilirsiniz ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva vəzifəsindən və tutduğu mövqedən asılı olmayaraq öz diqqət və qayğsını əskik etməyib. Koronavirus pandemiyası dövründə də Mehriban xanım Əliyeva necə böyük ürəyə sahib olduğunu sübut edərək birillik əmək haqqını Koronavirusla Mübarizəyə Dəstək Fonduna bağışladı.

Mehriban xanım Əliyeva Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsində tarixi həqiqətlərin dünyaya çatdırılması, mədəniyyətimizin, xalq musiqilərimizin, bənzərsiz muğamlarımızın inkişafı, mənəvi sərvətlərimizin qorunması, beynəlxalq aləmdə daha yaxından tanınması kimi şərəfli və məsuliyyəti missiyanı öz üzərinə götürüb”.

İqbal Məmmədovun sözlərinə əsasən, birinci vitse-prezident təyin olunmasından keçən müddət ərzində Mehriban xanım Əliyevanın vətən və xalqı qarşısında misilsiz xidmətləri artıb, təhsilin, səhiyyənin, mədəniyyətin, idmanın inkişafı, həqiqətlərimizin təbliği, milli-mənəvi dəyərlərimizin qorunması, dünya xalqlarının mədəniyyətinə inteqrasiyası istiqamətində gördüyü işlər, atdığı addımlar xalq tərəfindən daim böyük razılıqla, qarşılanıb.

Nigar Orucova