"Milyarderlər İttifaqı"nın 2013 hədəfi
13:09 07-12-2012
İQTİSADİYYAT
"Milyarderlər İttifaqı"nın 2013 hədəfi
Kinodramaturqun siyasi ssenarisi: Ziyalılar Forumu ilə
İctimai Palata vahid namizəd müəyyənləşdirir, pul isə...
Rusiyada bəzi azərbaycanlı iş adamlarının yaratdığı və ölkə mətbuatında "Milyarderlər İttifaqı" kimi təqdim olunan qurum zəifləyir Sonuncu dəfə Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin arqumentləşdirilmiş iradlarından sonra ittifaqın susqunluğa büründüyü hiss olunur. Aydın görünür ki, artıq bəziləri "Milyarderlər İttifaqı"nın heç də xoşniyyətli (guya Rusiyada Azərbaycan diasporunun daha da möhkəmləndirilməsi üçün) məqsədlərlə yaradılmadığının fərqindədirlər və tədricən adıçəkilən qurumla məsafə saxlamağa, uzaqlaşmağa başlayırlar.
Bunu "Milyarderlər İttifaqı" adından bütün açıqlamaların yalnız iki nəfər - "AzərRoss" prezident Söyün Sadıxovla kinodramaturq Rüstəm İbrahimbəyov tərəfindən səsləndirilməsi də təsdiqləyir; sanki qurumda danışacaq başqa adam yoxdur. Ya da danışmağa həvəsi, marağı olan başqa adam tapılmırmış kimi!
Əslində "Milyarderlər İttifaqı"nın Azərbaycanın daxili siyasi arenasına, daha doğrusu, bu arenada 2013-cü ildə keçiriləcək prezidentlik yarışına hesablandığı, qurumun Kremlin direktivlərinə uyğun burada hansısa siyasi ssenarilərin bir parçasına çevrilmək istədiyi ilk günlərdən o qədər aydın hiss olunurdu ki, rəsmi Bakının onun yaradılmasına başından bəri təpki göstərməsi qaçılmaza çevrildi. Elə İttifaqda Ziyalılar Forumunun təsisçilərindən və aparıcı simalarından biri, hökumətə qarşı son vaxtlar tənqidlərinin dozasını xeyli artırmış və hətta axırıncı bəyanatlarında açıq-aşkar "inqilab xəbərdarlıqları" ilə məşğul olan Rüstəm İbrahimbəyovun təmsil olunmasının özü milyarderlərin təşkilatının gizli hədəfləri barədə müəyyən ciddi mülahizələr irəli sürməyə imkan verirdi.
Yeni gələn bilgilər də o yöndədir; artıq Rüstəm İbrahimbəyovun 2013-lə bağlı müxalifətin seçki planlarını yönləndirməyə çalışdığına dair informasiyalar gəlməkdədir. Belə ki, Ziyalılar Forumu ilə İctimai Palata arasında seçkilərdə vahid namizədlə iştirakla bağlı məxfi müzakirələşmələr və məsləhətləşmələr aparıldığına dair xəbərlər var. Bu günlərdə bir neçə AXCP aktivisti facebook sosial şəbəkəsində Ziyalılar Forumunun daxili və tam qapalı toplantılarının birində Əli Kərimlinin namizədliyinin müzakirə edildiyini yazıblar.
İddialara görə, belə bir müzakirə həqiqətən də olub və onun təşəbbüskarı kimi keçmiş AXCP-çi Cəmil Həsənli çıxış edib. Ziyalılar Forumu təmsilçilərindən Eldar Namazov bu təklifin reallaşmasına normal yanaşa biləcəyini nümayiş etdirsə də, sonda Rüstəm İbrahimbəyovun təklifi ilə İctimai Palata ilə birgə müzakirələr sonucu daha qəti fikirlər səsləndirilməsi və addımlar atılması qərarlaşdırılıb.
İddialar o yöndədir ki, Rüstəm İbrahimbəyov Ziyalılar Forumu ilə İctimai Palatanın 2013 seçkilərinə vahid namizədlə getməsini arzulayır, eyni arzu qurumun digər aparıcı üzvlərində də xeyli möhkəmdir, AXCP belə bir niyyəti heç bir mübahisəsiz dəstəkləyir, Müsavatda isə xeyli tərəddüdlər var. Ehtimal olunur ki, əgər bütün tərəflər vahid namizədliklə bağlı qərarlarını qətiləşdirsələr, o zaman Rüstəm İbrahimbəyov "Milyarderlər İttifaqı"nı da prosesə qoşacaq və o vaxtadək bu qurumun sıralarında kimlər qalacaqsa, onlar öz maddi imkanlarını həmin namizədin xeyrinə səfərbər edəcəklər.
Bilgilərə görə, elə Müsavatı yuxarıda bəhs etdiyimiz tərəddüdlərə salan da odur; belə ki, bu partiyanın başqanı İsa Qəmbər Rusiya ilə bağlılığı olan hər hansı şəxs və təşkilatla bu və ya digər formada əməkdaşlığa sıcaq yanaşmır. Hesab edir ki, belə bir yaxınlıq Kremllə "soyuq savaş"da olan Qərbin ona və partiyasına
müttəfiqlik münasibətlərini kökündən sarsıda bilər. Elə Müsavat başqanının 2013 seçkilərində müxalifətin iştirak formatı ilə bağlı hər hansı məsləhətləşmə və konkretləşmə olmadan özünün namizədliyini irəli sürəcəyi ilə əlaqədar qəti bəyanat verməsinin səbəbi də budur.
Hələliksə Rüstəm İbrahimbəyovun bu istiqamətdə təşəbbüslərini davam etdirdiyi məlumdur, onun yazmaqda olduğu "ssenari"yə bələd olan "Milyarderlər İttifaqı"nın bəzi üzvlərinin geri çəkilməyə və uzaqlaşmağa başlamasının sirrini də elə bunda axtarmaq lazımdır. Gələn məlumatlar göstərir ki, qurumun 2013-də Azərbaycan müxalifətinin prezident seçkilərində iştirakının bir parçasına çevrilməsi yönündə proseslərin başlamasından xoşhal olmayan "ağırçəkili toplarının" bir çoxu artıq adıçəkilən ittifaqla ipləri qoparırlar - bu sırada xüsusilə Abbas Abbasovun, İsgəndər Xəlilovun, "AST Telman" kimi tanınan Telman İsmayılovun adları çəkilir.
Azər Aslan
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00