Baş nazir Əli Əsədov Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə qərar imzalayıb.

Unikal.org xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti məlumat yayıb.

Qərara əsasən, Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının üç misli məbləğində müddətli əlavə müəyyən edilib.

Bildirilib ki, müddətli əlavə iş vaxtına mütənasib olaraq 2020-ci il iyulun 1-dən oktyabrın 1-dək olan müddət üçün ödənilir.

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə bu qərardan irəli gələn digər məsələləri həll edəcəklər.