Gürcüstanla qonşu olan bütün dörd ölkədə yoluxma səviyyəsi yüksəkdir, buna görə də hələlik onlarla quru sərhədlərin açılması tövsiyə edilmir.
Unikal.org “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bunu Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri və baş epirdemioloqu Amiran Qamkrelidze “TV Pirveli”nin efirində deyib.
“Hələ ki, birbaşa qonşularımızla – Azərbaycanla, Türkiyə ilə, Rusiya ilə, Ermənistanla sərhədlər bağlı qalmalıdır. Yalnız müəyyən gediş şərtləri var, sərhəddən keçidin həyata keçirilməsi ilə bağlı protokol tərtib edilib”, - Qamkrelidze deyib.
Onun sözlərinə görə, tibbdə yüz faizlik (100 %) zəmanət yoxdur, lakin karantin zonaları bu altı ay ərzində virusa qarşı ən effektiv mübarizə vasitəsi olub.
“Pandemiya zamanı biz yoluxmuşların 25%-ni karantində müəyyən etdik. Bu effektivdir - biz yoluxmuşlara infeksiyanı yaymağa imkan vermədik”, - karantin zonalarından 45 min nəfərin keçdiyini qeyd edən Qamkrelidze bildirib.
Qeyd edək ki, Gürcüstan koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədi ilə mart ayından bütün ölkələrlə sərhədləri bağlayıb.
Ölkədə ötən sutka ərzində 19 nəfərdə koronavirus aşkarlanıb. Ən son məlumatlara görə, Gürcüstanda yoluxmuşların ümumi sayı 1 104 nəfər təşkil edir, 911 nəfər sağalıb, 16 nəfər vəfat edib.