“TikTok” ABŞ Prezidenti Donald Trampın ultimatumuna cavab verib.
Unikal.org "RİA Novosti"yə istinadən xəbər verir ki, "TikTok" rəhbərliyi Trampı məhkəməyə verməklə hədələyib.
“Biz açıq şəkildə bildirdik ki, istifadəçi məlumatlarını hökumətlə heç vaxt bölüşməmişik. Hətta ABŞ-dakı biznesimizi Amerika şirkətinə tamamilə satmağa hazır olduğumuzu bildirdik", - deyə sosial şəbəkə nümayəndələri bəyan edib.
Şirkət hökumətlə danışıqlar aparmaq üçün təxminən bir il vaxt itirdiyini, ancaq onların güzəştə getmək istəmədiyini qeyd edib.
Bundan əlavə, "TikTok" ABŞ hökumətini qanuni prosedurları pozmaqda və özəl biznesə qarışmaqda ittiham edib. Bildirilib ki, prezidentin sərəncamı ABŞ-da qanunlara riayət edilməsinə inamı sarsıdır. Həmçinin ifadə azadlığı və açıq bazar anlayışını şübhə altında qoyur.
Qeyd edək ki, Tramp "TikTok"un daxil olduğu “ByteDance” və onun törəmə şirkətləri ilə əməliyyata qadağa qoyub. "TikTok" təhlükəsi ilə mübarizə haqqında” fərmana əsasən, “ByteDance” proqramının sahibi ilə istənilən sazişlər 45 gün ərzində dayandırılır. Tramp hesab edir ki, "TikTok" vasitəsilə dezinformasiyalar yayıla bilər və şirkət istifadəçilər haqqında məlumatları Çin hökümətinə ötürə bilər.