Lerikdə 15 yaşlı qızla cinsi əlaqədə olan və onu hamilə qoyan müəllimin bir il müddətinə həbs olunması sosial şəbəkələrdə ciddi etiraza səbəb olub.
Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Lerik Rayon Məhkəməsinin Baş məsləhətçisi Anar Məmmədov bildirib ki, 60 yaşlı Şəfahət Məmmədov 1 il azadlıqdan məhrum edilib:
"Ş.Məmmədov Cinayət Məcəlləsinin 152.1-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə ittiham olunub. Həmin maddənin sanksiyasında 3 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur. Lerik rayon məhkəməsinin hakimi və sədri Atabəy Kiçibəyovun rəhbərliyi ilə baş tutan məhkəmə prosesində Məmmədova 1 il həbs cəzası verilib. Burada nə problem var ki? Azyaşlının valideynləri təqsirləndirilən şəxslə barışmayıblar. Şikayətlərini geri götürsələr, onlar yəqin ki, barışar və ona digər yüngül cəza verilərdi".
Famil Fərhadoğlu