Etibar Məmmədov vahid namizəd ola bilərmi?
13:00 11-12-2012
CƏMİYYƏT
Etibar Məmmədov vahid namizəd ola bilərmi?
Həm “hə”, həm də “yox”
Müxalifət vahid namizəd məsələsində sözün həqiqi mənasında problemlə üzləşib. Artıq vahid namizəd kim olmalıdır, sualına cavab axtarılanda beşə qədər namizədin adı sadalanır. Bunların sırasında isə daha şanslı olaraq Müsavat başqanı İsa Qəmbərlə, AXCP sədri Əli Kərimlinin adı çəkilir. Amma deyəsən indi də başqa bir namizəd gündəmə gəlir. Söhbət AMİP lideri Etibar Məmmədovdan gedir. Belə ki,
AMİP sədri Yusif Bağırzadə bununla bağlı açıqlama verərək aşağıdakıları deyib:-“ Bəli. Etibar Məmmədov da müxalifətin vahid namizədi ola bilər. Biz çox istərdik ki, o, belə bir təşəbbüslə çıxış eləsin. Ancaq belə bir qərarı vermək Etibar bəyin öz səlahiyyətindədir. Hesab edirəm ki, Etibar bəy budəfəki seçkilərə getsə, AMİP-in şansı daha da yüksələr. Müxalifət liderlərindən hamını şanslı hesab edirəm, amma Etibar Məmmədovun potensialı daha böyükdür. Müxalifət bu potensialdan istifadə etsə, daha yaxşı olar. Ancaq hər şeydən öncə Etibar bəyin özü qərar verməlidir, daha sonra da kollegial olaraq müxalifət partiyaları bu məsələdə yekdil fikrə gəlməlidir. Gəlin tələsməyək, bu barədə bir az sonra daha ətraflı danışa biləcəyik”. Maraqlıdır, Etibar Məmmədov həqiqətənmi müxalifətin vahid namizədi ola bilər və onun şansı nə qədərdir? Bununla bağlı müşahidəçilər heç də yekdil fikirdə deyillər və bununla bağlı müəyyən arqumentlər səsləndirilir. İlk növbədə iddia olunur ki, artıq on ilə yaxındır ki, Etibar Məmmədov siyasətdə deyil və bu baxımdan bir il ərzində onun siyasətə qayıtması imkan verməyəcək ki, sosial bazasını formalaşdıra bilsin. Qeyd olunur ki, Etibar Məmmədov siyasətdən gedəndən sonra AMİP-in sosial bazası dağılıb və bu günkü AMİP gücdən düşmüş bir təşkilatdır. Həmçinin Etibar Məmmədovun özünündə hazırda elə bir nüfuzu yoxdur və hazırkı məqamı 1992-93-cü illərlə eyniləşdirmək olmaz. Həmin illərdə AMİP sədrinin həqiqətən böyük nüfuzu var idi. İndi isə vəziyyət dəyişib və sorğularda Etibar Məmmədovun adı sonluqda durur. Ekspertlər başqa məqama da aydınlıq gətirməyi vacib sayırlar. Bu isə AMİP-lə AXCP və Müsavatın münasibətləridir. İctimai Palata yeni yaranan zaman partiyaların əlaqəsi yaxşı idi və bir müddət İP-də birgə fəaliyyətdə göstərdilər. Amma sonradan AMİP sədri Yusif Bağırzadə İctimai Palatanı düzgün mövqe tutmamaqda qınadı və İP-ni tərk etdi. Bununla da partiyalar arası münasibətlərdə bir gərginlik müşahidə olundu. Nəhayət bir ay öncə AMİP müxalifət partiyaları ilə birlikdə Məşvərət Məclisi təsis etdi. Amma AXCP və Müsavat bu birliyə qatılmaqdan imtina etdilər və bununla da AMİP-ə olan münasibətlərini sərgilədilər.Belə olan halda AXCP və Müsavatın Etibar Məmmədovu vahid namizəd olaraq tanıması sadəcə mümkünsüzdür. Bununla yanaşı müxalifət düşərgəsində Etibar Məmmədovada münasibət birmənalı deyil və belə bir rəy var ki, 1992-ci ildə Etibar Məmmədov müxalifətlə yanaşı olsaydı hakimiyyət dəyişikliyi olmazdı. Yəni Etibar Məmmədov hakimiyyətin dəyişməsində əsas personaj kimi qəbul olunur. Ən nəhayəti isə budur ki, illər boyu İsa Qəmbərlə Etibar Məmmədov bir-birinə qarşı rəqib olublar və tarixlər boyu rəqib olan şəxslərin indi birinin digərini qəbul etməsi sadəcə mümkünsüzdür. Amma buna baxmayaraq Etibar Məmmədovun seçkilərə qatılması həm də mümkün variant hesab edilir. Belə ki, o Rəsul Quliyevdən və AXCP-Müsavat birliyindən kənarda qalan siyasilərdən dəstək ala bilər. Bunu da qeyd edək ki, AXCP və Müsavatdan fərqli olaraq AMİP və lideri Etibar Məmmədov heç vaxt hakimiyyətdə təmsil olunmadıqlarına görə cəmiyyət üçün hələ ki, istifadə olunmamış güc kimi qəbul edilir ki, buda Etibar Məmmədovun üstünlüyüdür. Ekspertlər bildirir ki, buna baxmayaraq Etibar Məmmədov riskli addım ataraq heç bir səbəb olmadan yenidən siyasətə gəlməz. Bunu da xatırladaq ki, bir müddət öncə Etibar Məmmədovun özü açıqlama verərək yaxın illərdə ölkə daxili siyasi proseslərə qatılmayacağını söyləmişdi. Belə olan halda Yusif Bağırzadənin bu açıqlamasını sadəcə olaraq reaksiyaları öyrənmək üçün ortaya atılmış ideya kimi qəbul etmək olar.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-28 00:11:59
2024-12-27 23:41:11
2024-12-27 22:42:06
2024-12-27 22:20:34
2024-12-27 21:52:48
2024-12-27 20:53:38
2024-12-27 20:46:02
2024-12-27 20:24:40
2024-12-27 20:19:17
2024-12-27 20:00:32
2024-12-27 19:47:53
2024-12-27 19:39:18
2024-12-27 19:00:43
2024-12-27 18:53:06
2024-12-27 18:29:57
2024-12-27 17:58:00
2024-12-27 17:49:17
2024-12-27 17:46:00
2024-12-27 17:44:27