Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko arasında telefon danışığı olub.
Unikal.org xəbər verir ki, Belarus tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı Lukaşenko rusiyalı həmkarını ölkəsində prezident seçkilərindən sonra yaranan vəziyyət barədə məlumatlandırıb.
"Hər iki tərəf baş verən problemlərin tez bir zamanda nizamlanacağına əminliyini bildirib. Başlıcası odur ki, bu problemlərdən iki ölkənin qarşılıqlı sərfəli əməkdaşlığına zərər vurmağa çalışan destruktiv qüvvələr yararlanmamalıdır. Belarusda saxlanılan 32 Rusiya vətəndaşının qaytarılması ilə bağlı hər iki ölkənin profil strukturlarının sıx əməkdaşlığına müsbət qiymət verilib. Müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi razılaşdırılıb", - deyə Kremlin məlumatında qeyd olunub.
*** 14:42
Belarus prezidenti Aleksandr Lukaşenko və Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub.
Unikal.org xəbər verir ki, bu barədə məlumatı “RİA Novosti” yayıb.
Məlumata görə, A.Lukaşenko və V.Putin Belarus daxilində və onun ətrafında yaranan vəziyyəti müzakirə ediblər.
Xatırladaq ki, avqustun 9-da Belarusda prezident seçkiləri keçirilib. İllər sonra ölkədə böyük maraqla qarşılanan seçkilərdə, yekun nəticələrə görə, hazırkı Prezident Aleksandr Lukaşenko 6-cı dəfə qalib olub. Bunun sonucunda ölkənin bir sıra bölgələrində kütləvi dinc etirazlar başlayıb. Polislə qarşıdurmaya çevrilən nümayişlərdə minlərlə insanın saxlanıldığı, 1 nəfərin öldüyü, onlarla insanın yaralandığı bildirilir. Müxalifətdən olan A.Lukaşenkonun əsas rəqibi Svetlana Tixanovskaya güc strukturlarına üz tutaraq xalqa qarşı güc tətbiq etməməyə çağırıb. Etirazlar fonunda ölkənin MSK sədri Lidiya Yermoşına Hökumət evindən təxliyə edilib. Seçkilərdən 2 gün sonra S.Tixanovskaya təhlükəsizlik məqsədilə ölkəni tərk edərək Litvaya üz tutub.