Alimlərimizin güzəranı və yaxud 130 manata yaşamaq olarmı?
13:03 12-12-2012
CƏMİYYƏT
Alimlərimizin güzəranı və yaxud 130 manata yaşamaq olarmı?
Bütün yazılan və yazılacaq kitabların, monoqrafiyaların, elmi işlərin əsasında araşdırma durur. Araşdırma olmasa elm və elmin inkişafı da şübhəsiz ki, olmaz. 81 yaşlı Adil Axundzadə də düz 56 ildir ki, özünü elmə həsr edib. Elmlər Akademiyası Fəlsəfə, sosiologiya və hüquq institutunun aparıcı elmi işçisidir.
Fəlsəfə elmləri namizədidir. Xalq epik təfəkükkürünün təkamülü dinamikası kimi çoxlarımıza maraqsız və darıxdırıcı görünə bilən, oxumağa hövsələsi çatmayan monoqrafiya da Adil müəllimin qələmindən çıxıb. Bu və bunun kimi onlarla monoqrafiyanı yazmaq üçün Adil müəllim Allah bilir nə qədər vaxtını arxivlərdə keçirib, toz udub. Əziyyətinin bəhrəsini isə rahat lukum kimi uda bilmir.
Çünki bu gün elm adamına verilən maaş o qədər də çox deyil. Hətta nə qədər təəccüblü olsa da, özünü elmə həsr edən adamların maaşı 130 manatdan başlayır.
"Təsəvvür edin ki, kiçik elmi işçisi 130 manat, elmlər doktoru 320 manat alır. Avropa ölkələrində professora, elm adamına bizdən 10 dəfə artıq maaş verirlər. 10 dəfə, 5 dəfə də yox. Professor orada 4500 dollar maaş alır" - deyə AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun aparıcı elmi işçisi Adil Axundzadə vurğulayır.
Qocaman alim deyir ki, elmə bu cür münasibət gəncləri bu sahədən çəkindirir. Heç kim elm dalınca getmək istəmir. Halbuki orta əsr Azərbaycan alimlərinin ərəbcə yazılan əsərləri var ki, hələ də tərcümə olunmayıb və bu iş təkcə yüksək peşəkarlıq, zəhmət yox, həm də maddiyyat tələb edir.
Düzdür, alim son illər o əsərlərin orijinallarının dünya muzeylərindən, arxivlərindən Azərbaycana gətirildiyini də vurğulayır və bu işi yüksək qiymətləndirir. Amma deyir ki, gətirmək bir şərtdirsə, tərcümə ondan da vacib şərtdir.
"O işlər tərcümə olunmalıdır. Ruscaya tərcümə olunsa, tez yayılacaq. Onlar bu işdə həvəskardırlar. Amerika alimi Kramer deyir ki, istoriya naçinaetsya s vostoka" - deyə Adil Axundzadə bildirir.
Yüzlərlə elmi məqalənin, 15 kitabın müəlilfi Nəsiman Yaqublu da ömrü boyu sponsor axtarışındadır. Deyir min zülmlə arxivlərdən faktları üzə çıxarırıq, amma çap etməyə gəlincə, işlər dalana dirənir.
"Şirməməd Hüseynov pensyiasını verib "Məmmədəmin Rəsulzadə"ni çap etdirir. Belə də elm olar, elmin inkişafı olar? "Xocalı"nı yazdım, heç kim kömək eləmədi. 100 tirajla çap etdirdim. "Rəsulzadə"ni də həmçinin. Belə elm olar?" - deyə araşdırmaçı alim Nəsiman Yaqublu öz etirazını bildirir.
Qeyd edək ki, 2013-cü ilin dövlət büdcəsində elmə 122 milyon manat vəsait ayrılıb. Bunun 59 faizi büdcə, yəni maaşlardır. Qalanı elmin inkişafına sərf olunmalıdır ki, bunun bölünməsi də narazılıq predmetidir.
"Heç bir ali məktəbin büdcəsi yoxdur ki, alim harasa xaricə elmi konfransa gedəndə onu maliyyələşdirsin. Ona görə də elmin inkişafı yoxdur. Elmimiz pis gündədir" - deyə Nəsiman Yaqublu bildirir.
Milil Elmlər Akademiyasında da etiraf edirlər ki, elmə ayrılan büdcə kifayət deyil, bununla belə il-ildən vəziyyətin yaxşılaşacağına da ümid edirlər.
Ölkənin tanınmış alimlərindən biri, məşhur dilçi, filologiya elmləri doktoru Firudin Cəlilov da Azərbaycan elminin və alimlərimizin bu günki maddi durumu barədə nikbin ruhda danışmır. Onun "Unikal"a bildirdiyinə görə, "Görünən dağa bələdçi nə lazımdır? Azərbaycan elminin indiki bərbad durumu göz qabağındadır. Ali məktəb müəllimləri və elmi-tədqiqat institutlarının əməkdaşlarının durumu da həmçinin eyni vəziyyətdədir. Sadəcə, onu deyə bilərəm ki, elmimiz ögey münasibətə məruz qalıb, onun qayğısına qalan yoxdur. Hökumət polisin qayğısına daha çox qalır. Nəticədə alimlərimizin güzəranı və dolanşığı gündən-günə ağırlaşır".
Alimin müşahidəsinə görə, "Bu səbəbdən də gənclərin elmə axınında seyrəlmə müşahidə olunur və bu da təbiidir. Məşğul olacağın peşə sənin normal dolanışığını təmin etməyəcəksə, onunla niyə məşğul olmalısan? Mənə elə gəlir ki, Azərbaycan elminin vəziyyətinin yaxşılaşması üçün fundamenrtal tədbirlər planı qəbul edilməli və ləngitmədən gerçəkləşdirilməlidir. Belə olarsa, xaruici ölkələrə axışıb gedən istedadlı alimlərimizi də itirmərik Əks-təqdirdə yaxın onilliklərdə elmsiz və alimsiz bir cəmiyyətə malik olacağıq. Müasir dünya siyasəti qabaqcıl elmin və ən müasir texnologiyanın gücünə arxalanır. Və Azərbaycan dövləti regionda öz liderliyini qoruyub saxlamaq istəyirsə, Azərbaycan elminin və Azərbaycan aliminin qayğısına qalmalıdır".
Adil
Digər Xəbərlər
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22
2024-11-23 14:14:36
2024-11-23 12:58:51
2024-11-23 12:44:50
2024-11-23 11:53:04