Müğənni Zöhrə Abdullayevanın “Instagram”da paylaşılan sonuncu fotosu ən çox müzakirə edilən mövzulardan oldu. Müğənninin həddindən artıq arıqlaması və saçlarının ağarmasına izləyicilərin yanaşması da birmənalı olmadı.
Bununla bağlı Unkial.org-a açıqlama verən Xalq artisti Zöhrə Abdullayeva bildirib ki, çox dəyişməyib:
“Sadəcə saçım ağarıb, 20 kilo da arıqlamışam. Əvvəl 84 kilo idim, indi 64 kiloyam. Həyatdan onsuz da əlimi üzmüşəm, o boyda müsibətdən sonra yaxşıdır ki, nəfəs alıram. Bir neçə müddətdir xəstəlikdən sağalmışam, indi yaxşıyam. Amma elə bil öz-özümə şam kimi əriyirəm, heç həyata da marağım qalmayıb. Əvvəlki kimi olmağım mümkün deyil, hər iki dünya boyda dərdi olan ana toparlana bilməz. Amma musiqisiz də yaşamaq olmur, 50-yə yaxın oxunmayan lirik mahnılarım, romanslarım var, hərdən efirlərə çıxıb oxuyuram ki, unudulmayım. Mən qalmasam da ifalarım qalacaq. Bilirsiniz, xalqla əlimi üzmək istəmirəm, çünki məni yaşadan odur, ürək-dirək verirlər mənə. Sosial şəbəkələrdə yoxam. Şərhləri mənə oxuyurlar. İncidən yazılar da olur Biri yazmışdı ki, vampirə oxşayıram, yəqin onun gözündə elə görsənirəm, nə bilim. Biri də yazıb ki, “dodağı silikon idi, çıxartdırıb”. Mən heç vaxt silikon etdirməmişəm. “Utanmırsınız, xalqın dərdi ilə şou yaradırsınız” deyə şərh yazanlar da var”.
Dürrə Həsənova