Yağan intensiv yağışlarla əlaqədar respublikanın əksər çaylarında sululuq artıb, Böyük və Kiçik Qafqazın bəzi çaylarından isə qısamüddətli sel keçib.
Unikal.org xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyevin verdiyi məlumata görə, artan yağıntının miqdarı Kür çayının Qıraq Kəsəmən məntəqəsində suyun səviyyəsini 19, digər böyük çaylar hesab olunan Qanıxda 80, Qabırrı çayında isə 60 sm yüksəldib:
"Kiçik Qafqazın ərazisindən axan çaylarda suyun səviyyəsində 11-30, Böyük Qafqazın ərazisindən axan çaylarda 1-34, Lənkəran-Astara bölgəsinin ərazisindən axan çaylarda isə 3-6 sm artım müşahidə olunub. Balakənçay, Talaçay, Kürmükçay, Kişçay, Dəmiraparançay, Əyriçay və Gorançaydan isə qısamüddətli sel keçib”.