Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ölkənin bir çox fəal qeyri-hökumət təşkilatları rəhbərlərinin daxil olduğu "İctimai Liderlər Platforması"nın üzvləri ilə onlayn görüş keçirib.

Unikal.org xəbər verir ki, görüşü giriş sözü ilə açan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Prezidentin köməkçisi Hikmət Hacıyevə QHT-lərlə görüşdüyünə görə təşəkkür edib və bu təşəbbüsün QHT-hökumət münasibətlərində yeni keyfiyyət mərhələsinin başlanğıcı olacağına və QHT sektoru üçün prioritet olan məsələlərin həllinə təkan verəcəyinə əminliyini ifadə edib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev Prezident İlham Əliyevin cəmiyyətimizdə QHT-lərin fəaliyyətinə və ictimai nəzarət mexanizmlərinin gücləndirilməsinə xüsusi önəm verdiyini qeyd edib. H. Hacıyev QHT sektorunun ölkəmizin ictimai həyatında fəal iştirakını vurğulayıb, hökumətin QHT-lərlə dialoqun genişlənməsində və QHT-lərin diqqətində olan məsələlərin müzakirəsində maraqlı olduğunu bildirib. O, vətəndaş cəmiyyəti institutlarının ölkəmizin dayanıqlı sosial iqtisadi inkişafı, vətənpərvərliyin gücləndirilməsi, milli maraqlarımızın qorunması, həmçinin təhsil, humanitar və ictimai əhəmiyyət daşıyan digər sahələrdə mühüm roluna toxunub, dövlət başçısının qeyd etdiyi kimi, ictimai nəzarət mexanizmlərinin və onun tətbiqinin səmərəliliyinin artırılmasının zəruriliyini diqqətə çatdırıb.

Çıxış edənlər hökumətlə QHT sektoru arasında başlanan yeni dialoq təşəbbüsünü təqdir etdiklərini bildirdilər. QHT sədrləri ictimai sektorun gücləndirilməsi və QHT-lərin gündəliyində olan məsələlərin həlli ilə bağlı fikir və təkliflərini səsləndirdilər.

Görüşün sonunda çıxış edən Prezidentin köməkçisi Hikmət Hacıyev QHT-lər tərəfindən səsləndirilən əsaslandırılmış fikir və təkliflərin diqqətlə araşdırılacağını və onların həlli istiqamətində müvafiq addımların atılacagını bildirib.