Anar yenə yeni nəslin üç yazarını təhqir etdi
11:39 13-12-2012
CƏMİYYƏT
Anar yenə yeni nəslin üç yazarını təhqir etdi
AYB sədri, Xalq Yazıçısı Anar kulis.az saytına müsahibəsində yeni ədəbi nəslin nümayəndələri haqqında kəskin fikirlər səsləndirib. Bu dəfə də onun hədəfində şair, publisist Elnur Astanbəyli ilə bərabər şair Aqşin Yenisey və Murad Köhnəqala olub. Müsahibəni isə saytın baş redaktoru, bir vaxtlar özü də Anarın sərt tənqidçilərindən olmuş Qan Turalı götürüb.
"Siz AYB-dən kənarda olan ədəbiyyatın varlığını qəbul edirsinizmi? Mən bu sualı AYB sədri Anara yox, Xalq Yazıçısı Anara verirəm..." sualına Yazıçılar Birliyi sədri belə cavab verib: "Əlbəttə qəbul edirəm. Yazıçılar Birliyi ədəbiyyat yaratmır ki... Ola bilsin ki, nələrisə tənzimləyir, ədəbiyyatın inkişafına, yazıçılara kömək edir, mükafatlar üçün təqdimat verir. Amma Yazıçılar Birliyi ədəbiyyat yaratmır təbii ki. Ədəbiyyat jurnalların ətrafında yaranır. Həmişə belə olub: "Molla Nəsrəddin" məktəbi də, "Füyuzat" məktəbi də. Rusiyada da belə olub həmişə. İncimə, Yazıçılar Birliyindən kənarda elə adamlar var ki, onları düzəltmək mümkün deyil. Mən başa düşürəm ki, onlar mənə düşmən mövqedədirlər, mənə nifrət edirlər. Səbəbi indiyə qədər aydın deyil mənə, bilmirəm mən bunlara nə etmişəm. Amma qalanlarının üzünə Yazıçılar Birliyinin jurnallarının qapıları açıqdır.
Gəlin, çap olunun, sizə kim nə deyir ki? Mən heç kimə deməmişəm ki, onu çap et, o birini yox. Mənim əleyhimə danışan insanların Yazıçılar Birliyinin jurnallarında dərc edilməsi problemi yoxdur. Ədəbiyyatdırsa, çap olunsun. O başqa məsələ ki, Azərbaycan ədəbiyyatına pornoqrafiyanın gəlməsinin əleyhinəyəm. Sorokin, Limonov mənim yazıçılarım deyil və istəmirəm ki, bizim ədəbiyyatda onlar kimi yazanlar olsun".
Daha sonra Anarın yeni nəslin bəzi ədəbi nümayəndələrinin ünvanına atmacaları başlayır. O, Aqşini "korlanmaqda" ittiham edib: "Mənim əleyhimə hər dəfə yazı yazan bir cavan oğlan var - Aqşin, o da istedadlıdır. Sadəcə bunlar korlanırlar. Onlara elə gəlir ki, Anara, Elçinə sataşmaqla böyük qəhrəmanlıq edirlər. Bu, qəhrəmanlıq deyil. İndi prezidentdən tutmuş kimə deyirsən tənqid yazmaq olar. Bu yolla özlərini təqdim etmək istəyirlərsə, etsinlər".
Daha sonra Elnur Astanbəyli haqqında danışan AY sədri Qan Turalıya xitabən deyib: "Və yaxud sənin bir dostun var e, indi bilmirəm, dostundur ya yox, murdar təxəllüslü (söhbət [email protected] adlı emaili yazılarına qoyan Elnur Astanbəylidən gedir-kulis.az.), hər dəfə yazır ki, xalqsız xalq şairi Anar. Adamın beyni bundan o yana işləmir. Azərbaycanda da, kənarda da hamı bilir ki, mən Anaram. Bunu Rzayev də yazır, guya bununla məni vurur. Gülməyim gəlir..."
"Elnurun, Murad Köhnəqalanın əsərlərini oxuyursunuzmu" sualına Anarın cavabı belə olub: "Yox, oxumuram. Arif Əmrahoğlu gəlib dedi ki, Murad çöldə qalıb, ona ev vermək lazımdır. Çalışdım, Şüvəlanda ona bir mənzil düzəltdirdim. Gəlib mənimlə ikiəlli görüşdü Murad, mənə təşəkkür elədi. Mənimlə ikiəlli görüşən adamlardan qorxuram. Bu Murad da belə oldu, bir həftə sonra mənim haqqımda təhqirlər yazmağa başladı".
"İstəyirsinizmi, adını çəkdiyimiz adamlar Yazıçılar Birliyinin üzvü olsun" sualına "Olsun, niyə olmasın ki...Əlbəttə istəyirəm" cavabı verən xalq yazıçısı "Onların AYB üzvü olmadıqlarına görə narahat olursunuz" sualını isə belə cavablandırıb: "O mənada narahat oluram ki, istedadlı adamların Yazıçılar Birliyinin üzvü olmasını istəyirəm".
Anarın hədəfində olan yazarlar isə "Unikal"a mövzu ilə bağlı fikirlərini açıqlayıblar. Elnur Astanbəyli bildirib ki, bir neçə ay əvvəl Anarın başda onu və Seymur Baycanı hədəf alaraq yazdığı, istedadsızlıq və səviyyəsizlik saçan həcvindən sonra artıq AYB sədri ilə hər şey aydındır: "Bu adamın qabında nə olduğunu hər kəs gördü. Sonra da cavabını artıqlaması ilə alanda başladı yalvarmağa ki, "atəşkəs" elan edək. İndi isə son bir həftədə ikinci dəfədir ki, bizə təhqir yağdırır. Sonra da deyir, bilmirəm, niyə mənə nifrət edirlər. Şəxsən mənim Anara nifrətim ədəbiyyata sevgimə görədir. O və onun mənsub olduğu ədəbi nəsil, yəni "altmışıncılar" ədəbiyyatı alver vasitəsinə, özünə, öz övladlarına gün ağlamaq alətinə çevirən adamlardan ibarətdir, onları gəncliyə nifrət, ədəbiyyatın inkişafına hər vəchlə mane olmaq hissi birləşdirir. 25 ildir "ədəbiyyat naziri" funksiyasını yerinə yetirən, ədəbiyyat üçün ayrılan pullara göz dikən, ədəbiyyatı ailə üzvlərindən - atasından, anasından, özündən və qızından ibarət görən bir adama hələ də belə böyük-böyük danışa bilirsə, bu, artıq onun əxlaqı ilə bağlı olan məsələdir, mən heç nə demirəm".
Şair Murad Köhnəqala "Unikal"a bildirdi ki, "Mən Rusiyadan Azərbaycana qayıdıb ailə qurandan sonra qalmağa evim yox idi. Anar müəllim düz deyir, mənə həqiqətən də Şüvəlandakı yazıçıların yaradıcılıq evində mənzil ayırdılar. Mən indi də orada yaşayıram. Amma Anar müəllim bunu indi ədəbi mövqelərimizin müxtəlifliyinə görə mənim başıma qaxınc edirsə, günü bu gün həmin mənzili tərk etməyə hazıram".
Murad Köhnəqalanın sözlərinə görə, "Dostlarımla birlikdə Azərbaycan Yazıçılar Ocağını yaradandan sonra mən AYB üzvülüyündən çıxdım. Mən heç vaxt Anar müəllimin şəxsiyyətinə toxunmamışam. Sadəcə, ədəbiyata baxışlarımız tamamilə fərqlidir və mən onun əsərləri, bir məmur kimi fəaliyyəti barədə tənqidi qeydlərlə çıxış etmişəm".
Natiq
Digər Xəbərlər
2024-12-28 00:11:59
2024-12-27 23:41:11
2024-12-27 22:42:06
2024-12-27 22:20:34
2024-12-27 21:52:48
2024-12-27 20:53:38
2024-12-27 20:46:02
2024-12-27 20:24:40
2024-12-27 20:19:17
2024-12-27 20:00:32
2024-12-27 19:47:53
2024-12-27 19:39:18
2024-12-27 19:00:43
2024-12-27 18:53:06
2024-12-27 18:29:57
2024-12-27 17:58:00
2024-12-27 17:49:17
2024-12-27 17:46:00
2024-12-27 17:44:27