Avqustun 30-da saat 22.23-də Abşeron rayonunun Məmmədli kəndində yaşayan R.Hüseynzadə DİN-in “102” Zəng Mərkəzinə müraciət edərək evinin yaxınlığında bir nəfərin onu döyərək bədən xəsarətləri yetirməsi barədə məlumat verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, bundan sonra o, “Youtube” kanalında canlı yayım açaraq sifətində qan izləri olduğunu nümayiş etdirərək intihar edəcəyini bildirib.
Müraciətlə əlaqədar Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının ”isti izlər”lə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində R.Hüseynzadəni yumruqla vuraraq xəsarət yetirməkdə şübhəli bilinən həmkəndlisi, yeniyetmə V.Abdullayev müəyyən edilərək Mehdiabad Polis Bölməsinə dəvət edilib.
Araşdırmalarla müəyyən edilib ki, yeniyetmə R.Hüseynzadənin yaşadığı evin qarşısında ünvansız nalayiq ifadələr işlətdiyinə görə R.Hüseynzadə ona irad bildirib, bu zaman aralarında yaranmış mübahisə zamanı R.Hüseynzadə onu əli vurub, yeniyetmə isə cavabında yumruqla onun burun nahiyəsindən zərbə endirib.
Vətəndaş R.Hüseynzadəyə bədən xəsarəti yetirilməsi faktı üzrə Abşeron Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsində araşdırma aparılır.