"Dollar əksər səbət valyutalara nisbətən dəyər itirməkdədir. Avro da ABŞ dollarına nisbətən möhkəmlənməkdədir".
Unikal.org xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, Avropanın vahid valyutası dollar ilə müqayisədə son 2 ildə ən yüksək kurs ilə dəyişdirilir.
"Hazırda avro dollar məzənnəsi 1.20 psixoloji həddinə yaxınlaşıb. Dolların məzənnəsində azalmalar ABŞ Federal Ehtiyat Sisteminin (FED) sədri Jerome Pauellin bu il avqustun 27-də təşkil olunan Jakson Hole Simpozimundakı çıxışından sonra daha sürətlənməyə başlayıb. FED sədri bildirib ki, monitar siyasət qərarları zamanı orta inflyasiya hədəf göstəricisindən istifadə olunacaq. Bu isə o deməkdir ki, FED simmetrik göstəricidən artıq istifadə etməyəcək. Dolların zəifləməsi qızıl bazarına da təsirsiz ötüşməyıb. Son bir ayda 24 faiz dəyər qazanan qiymətli metal bu gün daha 2 faiz bahalaşıb. Təbii ki, bütün bunlar heç də dolların kəskin ucuzlaşacağından da xəbər vermir".
Deputat bildirib ki, qlobal bazarda dolların zəifləməsi Azərbaycan milli valyutasının ABŞ puluna nisbətən möhkəmlənməsi anlamına gəlməməlidir. O əlavə edib ki, tam üzən məzənnəyə keçid başa çatmadığı üçün manatın dollara nisbətən məzənnnəsi növbəti aylarda da birbaşa Mərkəzi Bankı qərarlarından asılı olacaq.