“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının təşkilatçılığı, Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “Səyyar Aqro Məktəb” layihəsinə start verilir.
Unikal.org xəbər verir ki, aqrar sahədə ilk dəfə reallaşdırılacaq “Səyyar Aqro Məktəb” layihəsi çərçivəsində “Zoom” platforması vasitəsilə təsərrüfat sahələrində onlayn formatda təlimlər həyata keçiriləcək.
Ölkəmizdə dinamik şəkildə inkişaf edən aqrar sahəyə marağın daha da artırılması və mütəxəssislərin yetişdirilməsi mühüm əhəmiyyət kəsb etdiyindən kənd təsərrüfatının əsas istiqamətlərindən olan heyvandarlığın inkişafı, məhsul istehsalının artırılması, gənc fermerlərin yetişdirilməsi əsas hədəflərdəndir.
Layihənin əsas məqsədi regionlarda yaşayan gənclərin aqrar sahə üzrə bilik və bacarıqlarının artırılmasına nail olmaqdır. Layihəyə əsasən, kənd təsərrüfatı sahəsi üzrə biliklərin müfəssəl şəkildə gənclərə çatdırılması nəzərdə tutulur. Bu məqsədlə “Səyyar Aqro Məktəb” layihəsi çərçivəsində Zaqatala, Şəki, Qax, Balakən, Oğuz və Şamaxı rayonlarında təlim və görüşlər təşkil ediləcək.
Layihənin 2 mərhələ üzrə həyata keçirilməsi planlaşdırılır. Birinci mərhələdə regionlarda xüsusi təsərrüfat sahələri üzrə 300 gəncə peşəkar mütəxəssislər tərəfindən təlimlər keçiriləcək.
Təlimlərdə təsərrüfatların yaradılması, idarəedilməsi və gələcəkdə inkişaf etdirilməsi, həmçinin aqrar təhsilin əhəmiyyəti və imkanları haqqında ətraflı məlumat veriləcək.
Layihənin icrası zamanı dünyada və ölkəmizdə mövcud olan koronavirus pandemiyasının və karantin rejiminin tələblərinə ciddi şəkildə əməl olunacaq. Görüşlər zamanı bütün iştirakçılar tibbi qoruyucu vasitələrlə (əlcək, maska, tibbi spirt) təmin olunacaqlar. Qoruyucu vasitələrin istifadəsinə və sosial məsafənin qorunmasına ciddi şəkildə nəzarət ediləcək.