Biləsuvarda dələduzluq yolu ilə ayrı-ayrı şəxslərin pul və qızılını ələ keçirən qayınana və gəlini saxlanılıb.

Unikal.org Baku Tv-yə istinadən xəbər verir ki, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə şəhər sakinləri Bərahət Əliyeva və onun gəlini Aynurə Abdullayeva saxlanılıblar.

Məlum olub ki, əlbir qohumlar Ağayrı kənd sakinin 2000 manat dəyərində 3 üzüyünü ələ keçirib. Onlar zərərçəkmiş şəxsi aldadaraq bildiriblər ki, ailəsində baş verəcək bədbəxt hadisənin qarşısını almaq məqsədilə qızıl-zinət əşyalarını aparıb dua oxuduqdan sonra geri qaytaracaqlar. Aparılan araşdırmalar zamanı bəlli olub ki, həmin şəxslər dua yazmaq və digər bu kimi müxtəlif üsullarla daha 3 şəxsi aldadaraq, ümumilikdə 800 manat pul və 2300 manat dəyərində qızıl-zinət əşyaları ələ keçiriblər.

Faktlarla bağlı Biləsuvar Rayon Polis Şöbəsində başlanmış cinayət işinin istintaqı davam edir. Hazırda onların başqa bu kimi faktlarda iştirakının olub-olmadığı araşdırılır.