“Payız sessiyasında Milli Məclisdə ictimai dinləmələr keçirilməsi nəzərdə tutulub”.
Unikal.org xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Musa Quliyev deyib.
Onun sözlərinə görə, noyabrda “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun icrası ilə bağlı dinləmə keçirilməsi planlaşıdırılır:
"Sosial sığorta ilə bağlı da dinləmə keçirməyi planlaşdırırıq. Həmin dinləmə zamanı xüsusilə kənd yerində yaşayan və pay torpağı olan insanların da sosial sığortaya cəlb olunması şərtlərinin yumşaldılması ilə bağlı məsələlər müzakirə ediləcək. Digər dinləmə isə məşğulluq məsələsi ilə bağlı keçiriləcək. Burada qeyri-leqal məşğulluğun aradan qaldırılması yolları araşdırılacaq. Leqal məşğulluğun təmin edilməsi, gənclərin əsasən məşğulluq istiqamətində peşə təlimlərinə cəlb edilməsi məsələsi əsas müzakirə mövzusu olacaq”.