Gülağa İslamova bəd xəbər
Gülağa İslamova bəd xəbər
Rəhbərlik etdiyi rayonun xeyli hissəsi icra başçısının əlindən alınır

Xəzər rayon icra hakimiyyətinin başçısı Gülağa İslamov üçün bəd xəbər var. Həmin bəd xəbər isə ona dünən parlamentdən gəldi.
Xəbərin qısa məzmunu ondan ibarətdir ki, Bakı şəhərində yeni rayon yaradılır. Milli Məclisin Regional məsələlər komitəsinin dünən keçirilən iclasında məsələ müzakirəyə çıxarılıb. Bildirilib ki, yeni rayon Pirallahı adlanacaq. Belə ki, yeni rayon Bakının hazırda Xəzər rayonunun ərazisinə daxil olan Pirallahı qəsəbəsi, Çilov və Neft Daşları adalarının bazasında yaradılacaq.
Komitə müzakirələrin sonunda layihəni Milli Məclisin plenar iclasına tövsiyə edib.
Pirallahı rayonunun ümumi əhalisi 18 min, ərazisi isə 1500 hektar olacaq. Bununla da paytaxt rayonlarının sayı 12-yə çatacaq. Yeni rayonda 4 məktəb, poçt və 4 sənaye müəssisəsi var. Yeni rayonun yaradılmasında əsas məqsəd bu ərazidə turizm sektorunun inkişafına nail olmaqdır.
Yeni rayonun yaradılmasından itirən isə heç şübhəsiz, Xəzər rayon icra hakimiyyətinin başçısı Gülağa İslamov olacaq. Pirallahı rayonunun yaradılması ilə faktiki olaraq, İslamov səlahiyyətlərinin bir hissəsini itirəcək - rəhərlik etdiyi rayonun mühüm bir hissəsi üzərində nəzarət ondan alınacaq.
Onu da nəzərə alsaq ki, yeni yaradılan rayon turizm baxımından Xəzər rayonunun ən perspektivli bölgələrindəndir, bu zaman Gülağa İslamovun
gələcəkdə yaxşı gəlirdən məhrum olduğunu da söyləyə bilərik. Ən əsası isə yeni yaradılacaq rayonun turizm sektorunun inkişafı üçün iri dövlət investisiyalarının ayrılacağı ehtimalını da göz önünə alsaq, Xəzər rayon icra hakimiyyəti başçısının itkisinin nə qədər böyük olduğunu təxmin etmək çətin deyil.
Həsən Əli