Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində fəaliyyət göstərən məktəb drektorlarının onlayn konfransı keçirilib.
Unikal.org xəbər verir ki, koronavirus (COVİD-19) pandemiyası dövründə açılacaq məktəblərdə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə və Təhsil Nazirliyinin müəyyən etdiyi qaydaların icrasına hərs olunmuş konfransda RİH başçısı İradə Gülməmmədova ali məktəblərə keçirilən imtahan zamanı Abşeron təhsilinin yüksək nəticə göstərdiyini bildirərək təhsil işçilərini təbrik edib.
Respublika üzrə cəmi 2 abituriyentin maksimum 700 balı topladığını, onun da birinin Xırdalan şəhər məktəbinin məzunu olduğunu önə çəkən başçı rayonun ümumi göstəricinin çox yüksək olduğunu vurğulayıb.
Məktəblərdə dərslərin başlaması ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə əməl olunmasının vacibliyini qeyd edən başçı hər bir məktəbin mütəmadi olaraq dezinfeksiya edilməsinin, sosial məsafənin göslənilməsinin, tibbi maskalardan istifadənin zəruriliyini diqqətə çatdırıb.
Sonra Abşeron rayon Təhsil Şöbəsinin müdiri Nazilə Məmmədova rayon təhsilinin əldə etdiyi nəticələrindən danışıb. O bildirib ki, bu il ali məktəblərə keçirilən imtahanlarda iştirak edən məzunlarımızın 76 faizi ali məktəblərə daxil olub. Rayon üzrə 76 nəfər 600-dən çox bal toplayıb. Rus dili üzrə göstəricilərdə isə Abşeron birinci yerdə qərarlaşıb. Ümumi göstəricilərə görə isə respublika üzrə Abşeron 3-cü yerdədir.
Daha sonra məktəb müdirlərinin fikirləri dinlənilib, lazimi göstəriş və tapşırıqlar verilib.