Türkiyənin İstanbul şəhərində Bakının erməni-daşnak və bolşevik birləşmələrinin işğalından azad olunmasının 102-ci ildönümü münasibətilə təntənəli tədbir keçirilib.
Unikal.org xəbər verir ki, “102 il əvvəl əbədi əməkdaşlığa atılan qardaşlıq imzası: Bir millət, iki dövlətin hekayəsi” adlı tədbir Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) təşkilatçılığı ilə gerçəkləşdirilib.
Mərasimdə Türkiyənin Milli müdafiə nazirinin müavini Alpaslan Kavaklıoğlu, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, ölkəmizin İstanbuldaki baş konsulu Nərminə Mustafayeva, Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə–Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, TADİV-in sədri, professor Aygün Attar, “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver, Türkiyədə fəaliyyət göstərən ictimai birliklərin nümayəndələri, hər iki ölkədən olan ziyalılar və media təmsilçiləri iştirak ediblər.
Azərbaycanın və Türkiyənin Dövlət Himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edənlər Bakının azad edilməsini tarixin ən böyük zəfərlərindən biri adlandıraraq Qafqaz İslam Ordusunun qardaşlıq köməyinin heç vaxt unudulmayacağını vurğulayıblar. Onlar qədim köklərə bağlı olan Türkiyə-Azərbaycan münasibətlərindən, iki qardaş ölkənin birgə inkişaf yolundan danışıblar.
Təntənəli gecə iki ölkənin milli musiqilərinin təqdim olunduğu bədii hissə ilə başa çatıb.