Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda ATƏT-in Minsk qrupunun fəaliyyəti ilə bağlı həm rəsmi Bakının, həm də politoloqların, siyasətçilərin kəskin bir mövqeyi formalaşmağa başlayıb.
Bu sözləri Unikal.org-a millət vəkili Asim Mollazadə bildirib. Millət vəkili ATƏT-in Minsk qrupunu fəaliyyətsizlikdə ittiham edib:
“Bu qurumun fəaliyyəti bizi heç vaxt qane etməyib. Çünki onlar təmsil etdikləri təşkilatın təməl sənədləri beynalxalq hüquq normalarına əsaslanmayıb. Bu gün təcavüzkara qarşı hansısa bir günahı heç vaxt Minsk qrupundan eşitməmişik. Ümumiyyətlə, Minsk qrupu münaqişənin dondurulmasına nail olmağa çalışıb. Və istənilən məqamda beynəlxalq hüquqi normaların pozulduğu bir zamanda biz onların səsini eşitmirik. Məsələn, hal-hazırda Ermənistan işğal olunmuş ərazilərdə öz qurumları ilə yanaşı, həm də digər qrupları yerləşdirir. Minsk qrupundan isə səs-səmir çıxmır. Minsk qrupu iyul hadisələri zaamnı Qarabağdan ucar bir ərazidə Ermənistan tərəfindən başladılan döyüş barəsində də heç bir ciddi reaksiya bildirmədi. Bu bir daha göstərdi ki, Avropa, dünyanın bir çox gözəl paytaxtlarında toplanılan qurum danışıqlarının, toplantılarının heç bir siyasi konkret nəticələri yoxdur. Beləliklə, Minsk qrupunun fəaliyyətini, BMT-nin Təhlükəsizlik şurasının verdiyi qətnamələrin, Beynəlxalq hüquqi normaların əsasında, AŞ, AŞPA və digər beynəlxalq təşkilatların da qəbul edilmiş qətnamələrində və iclaslarında görmək istərdik. Biz isə ancaq turizm müşahidə edirik. Məsələn, Parisdə toplanıblar, boş bəyanat veriblər və mənə elə gəlir ki, ya format dəyişməlidir ya da fəaliyyətin səmərəli olmağı istiqamətində təmsil olunduğu ölkələr tərəfindən müvafiq addımlar atılmalıdır. Bu günki vəziyyət bizi qane etmir”.
Gülayə Məcid